Çinin "Gravity-1 Y3" daşıyıcı raketi Şanxay yaxınlığında dənizdən həyata keçirilən buraxılışda 9 peyki planlaşdırılan orbitə çatdırıb.
AZƏRTAC xəbər verir ki, Pekin vaxtı ilə saat 6:00-da (Bakı vaxtı ilə 2:00) baş tutan buraxılışla faydalı yükün çəkisi və orbit hündürlüyü üzrə yeni rekordlar müəyyən edilib. Raket "Qianfan” peyk qruplaşmasının yeni partiyasını və bir neçə başqa sınaq peykini daşıyıb. Bu, "Gravity-1" raketinin sayca 4-cü uçuşu olub.
Çinin özəl aerokosmik şirkəti olan "OrienSpace" tərəfindən hazırlanan "Gravity-1" maksimum 6,5 ton faydalı yük daşıma qabiliyyətinə malik bərk yanacaqlı raketdir. Bu, həm də "Gravity-1"in açıq dənizdən həyata keçirilən 2-ci buraxılışı olub. İyulda ilk buraxılışda "Gravity-1 Y4" raketi 9 peyki orbitə çıxarıb. Ekspertlərin fikrincə, bu missiya raketin dəniz şəraitində yüksək temperatur, yüksək rütubət və yüksək duzlu duman mühitinə uyğunluğunu bir daha tam sınaqdan keçirib və onun etibarlılığını təsdiqləyib. Missiya, həmçinin genişmiqyaslı peyk qruplaşmalarının şəbəkələşmə ehtiyaclarını ödəmək üçün nəzərdə tutulan və üst-üstə yığılmış peyklərin bərk yanacaqlı raketlə buraxılması üzrə dünyada ilk təcrübə olub.