Almaniya Rusiya ilə silahlı qarşıdurma baş verəcəyi təqdirdə çox sayda yaralının yerləşdirilməsi üçün xəstəxanaları hazırlayır.
Bu barədə “Bloomberg”in yaydığı məlumatda bildirilib.
Agentlik nümunə olaraq Ulmdakı tibb müəssisəsini göstərib. Xəstəxananın altında 1979-cu ildə inşa edilmiş yeraltı tibbi kompleks yerləşir. Kompleks 2 min nəfərin yerləşdirilməsi üçün nəzərdə tutulub və 90 günədək fəaliyyət göstərə bilər. Obyekt hətta nüvə zərbəsi baş verdiyi təqdirdə yaralılara tibbi yardım göstərilməsi üçün yaradılıb. Hazırda Almaniya hərbçiləri onun bərpası imkanlarını nəzərdən keçirirlər.
Məlumatda qeyd edilib ki, hakimiyyət orqanları həmçinin müharibə baş verəcəyi təqdirdə səhiyyə sisteminin imkanlarını araşdırırlar. Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiyanın 2029-cu ilədək NATO-ya hücum edə biləcəyini bildirib.
Bundesverin məlumatına görə, münaqişə başlayacağı təqdirdə Almaniya xəstəxanalarına hər gün 1000-dək yaralı hərbçi gətirilə bilər. Belə olan halda ölkənin beş hərbi hospitalı qısa müddətdə maksimum yüklənmə həddinə çatacaq və bundan sonra tibbi yardımın mülki xəstəxanalar tərəfindən göstərilməsi lazım gələcək.