AZƏRTAC xəbər verir ki, Ümumdünya Pasiyent Təhlükəsizliyi Günü hər il sentyabrın 17-də qeyd olunur. Günün təsis edilməsində əsas məqsəd pasiyentlərin təhlükəsizliyinin təmin olunmasının əhəmiyyəti barədə ictimaiyyətin məlumatlılığını artırmaq, səhiyyə xidmətlərinin göstərilməsi zamanı yarana biləcək risklərin qarşısının alınmasına diqqəti yönəltmək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə dəstək verməkdir.
Ümumdünya Pasiyent Təhlükəsizliyi Günü Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə təsis edilib. Bu gün çərçivəsində səhiyyə müəssisələrində pasiyentlərin hüquqlarının və təhlükəsizliyinin qorunması, tibbi səhvlərin və arzuolunmaz halların qarşısının alınması, səhiyyə işçilərinin maarifləndirilməsi və təhlükəsiz tibbi xidmətlərin təşviqi ilə bağlı müxtəlif tədbirlər keçirilir.
Pasiyent təhlükəsizliyi müasir səhiyyə sisteminin əsas istiqamətlərindən biri hesab olunur. Dəqiq diaqnostika, düzgün müalicə, dərman vasitələrinin təhlükəsiz tətbiqi, infeksiyaların profilaktikası və tibbi prosedurlar zamanı risklərin minimuma endirilməsi pasiyentlərin sağlamlığının qorunmasında mühüm rol oynayır.
Bu gün, həmçinin səhiyyə işçiləri, pasiyentlər və onların yaxınları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyinə diqqət çəkir. Pasiyentin tibbi qərarların qəbulunda məlumatlı şəkildə iştirakı və həkimlə açıq ünsiyyəti təhlükəsiz və keyfiyyətli tibbi xidmətin mühüm şərtlərindən biridir.