22 Sentyabr – Beynəlxalq Kərgədanlar Günü dünyada bu nadir heyvanların qorunmasına diqqət çəkmək məqsədilə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, kərgədanlar uzun illərdir qanunsuz ovçuluq, yaşayış mühitlərinin daralması və qanunsuz ticarət kimi ciddi təhlükələrlə üzləşirlər. Xüsusilə kərgədan buynuzuna olan tələbat onların populyasiyasına mənfi təsir göstərən əsas amillərdən biri hesab olunur.
Mütəxəssislərin fikrincə, kərgədanların mühafizəsi yalnız ayrı-ayrı heyvanların xilas edilməsi deyil, həm də onların yaşadığı ekosistemlərin qorunması baxımından əhəmiyyətlidir. Bu heyvanlar təbiətdə mühüm ekoloji rol oynayır və biomüxtəlifliyin ayrılmaz hissəsidir.
Beynəlxalq Kərgədanlar Günü çərçivəsində müxtəlif ölkələrdə maarifləndirici kampaniyalar keçirilir, vəhşi təbiətin qorunmasının əhəmiyyəti barədə məlumatlar yayılır. Təbiəti mühafizə təşkilatları qanunsuz ovçuluğa qarşı mübarizənin gücləndirilməsini və kərgədanların təbii yaşayış ərazilərinin qorunmasını prioritet istiqamətlərdən biri hesab edirlər.
Kərgədanların gələcəyinin qorunması üçün beynəlxalq əməkdaşlıq, qanunsuz vəhşi təbiət ticarətinə qarşı mübarizə və ictimai maarifləndirmənin artırılması mühüm əhəmiyyət daşıyır.