Türkiyədə liseyə silahlı hücumda yaralananların sayı artır (FOTO) (YENİLƏNİB)

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liteyin yaxınlığında insanlara atəş açan şəxs həmin məktəbdə təhsil alan 15 yaşlı yeniyetmə olub.

Bu barədə IHA agentliyi məlumat yayıb.

Hücumu törədən şəxsin valideynləri polis tərəfindən saxlanılıb.

Dəqiqləşdirilmiş məlumata görə, atışma nəticəsində 10 şagird yaralanıb. Onlardan ikisinin – 16 yaşlı yeniyetmələrin vəziyyəti ağırdır. Bütün yaralılar təcili olaraq yerli xəstəxanalara çatdırılıb və onların müalicəsi davam edir.
Hücum edən şəxs saxlanılıb. İstintaq onun törətdiyi cinayətin motivlərini və silahı haradan əldə etdiyini araşdırır.

xxx
11:01

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda lisey qarşısında baş verən silahlı hücum nəticəsində yaralıların sayı 8 nəfərə çatıb.

Bu barədə NTV telekanalı Manisa valiliyinə istinadən məlumat yayıb.

Məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır.

Hücumdan sonra hadisə yerindən qaçan silahlı şəxs polis tərəfindən saxlanılıb. Müəyyən edilib ki, hücum edən şəxs həmin liseyin 9-cu sinif şagirdi H.O.-dur.

Valilik hadisə ilə bağlı istintaqa başlanıldığını, yeni məlumatların ictimaiyyətə açıqlanacağını bildirib.

 

Yaralıların ən yaxın tibb müəssisələrinə çatdırıldığı qeyd olunub.

xxx
10:07

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda yerləşən liseyin qarşısında silahlı insident yaşanıb.

Bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilir ki, hadisə Albayrak məhəlləsində yerləşən İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin qarşısında, səhər saat 08:00 radələrində baş verib.

İlkin məlumata görə, naməlum şəxs hələlik müəyyən edilməyən səbəbdən məktəbin qarşısında ətrafa atəş açıb. Hadisə nəticəsində 5 şagird yaralanıb.

112 Təcili Çağrı Mərkəzinə daxil olan məlumatdan sonra əraziyə çox sayda polis və təcili tibbi yardım briqadası göndərilib.

Silahlı hücumdan sonra övladlarından xəbər almaq istəyən valideynlər də məktəbin qarşısına toplaşıb. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Polisin hadisə yerində araşdırması davam edir. Hücumun səbəbi hələlik məlum deyil.