Norveçli atlet İda Ameli Robsam Romsdalseggen dağdan yıxılaraq həlak olub.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, hadisə Norveçin qərbində hündürlüyü 1329 metrə çatan Romsdalseggen dağ silsiləsində baş verib.
Sentyabrın 19-da polisə alpinistlər qrupunun üzvünün bir neçə metr hündürlükdən yıxılması barədə məlumat daxil olub. Yıxılan şəxsin dağ və trail qaçışı üzrə aparıcı idmançılardan biri olan İda Ameli Robsam olduğu müəyyənləşib. 30 yaşlı idmançı xilasetmə helikopteri ilə təxliyə edilib. Lakin aldığı xəsarətlər nəticəsində həyatını itirib.
İda Ameli Robsam cəmi 4 il əvvəl müntəzəm olaraq qaçmağa başlayıb. Qısa müddət ərzində o, dağ və trail qaçışı üzrə beynəlxalq yarışlarda iştirak edib.
Qeyd edək ki, norveçli idmançı 2025-ci ildə dağ qaçışı üzrə dünya çempionatında 4-cü yeri tutub. Bu ilin mart ayında idmançı İtaliyada keçirilən 47 kilometrlik “Chianti” marafonunda finişə birinci çatıb. Onun karyerasındakı ən yüksək nəticələrdən biri isə iyunun 28-də “Mont-Blanc” marafonunda ikinci yeri tutması olub.