Şəkərli diabet xəstələrinin nəzərinə: Meyvə qurusu, yoxsa təzə meyvə?

Çay süfrələrinin ayrılmaz hissəsinə çevrilən meyvə quruları bir çox insan tərəfindən şirniyyata nisbətən daha sağlam seçim hesab olunur. Lakin mütəxəssislər bildirirlər ki, meyvənin qurudulması onun tərkibindəki şəkərin daha konsentrasiyalı hala gəlməsinə səbəb olduğundan, bu məhsulların qəbulunda da miqdara diqqət yetirmək vacibdir.

Gəncə Şəhər Beynəlxalq Xəstəxanasının həkimi, endokrinoloq Şəhla Verdiyeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, xüsusilə şəkərli diabet xəstələri meyvə qurularından istifadə edərkən daha diqqətli olmalıdırlar.

Mütəxəssis qeyd edib ki, ölkəmizdə geniş yayılan çay içmək vərdişi meyvə quruları kimi sağlam qidalarla zənginləşərək gündəlik rasionun bir hissəsinə çevrilib.

“Meyvə qurularını çox vaxt çayın yanında istifadə edilə biləcək ən zərərsiz qidalardan biri hesab edirik. Əslində isə onlar düşündüyümüz qədər zərərsiz deyil. Meyvə quruları adi meyvə ilə müqayisədə daha çox şəkər ehtiva edir. Buna görə də onlardan istifadə zamanı, xüsusilə də miqdara diqqət yetirmək lazımdır. Bir pors meyvə ilə eyni miqdarda meyvə qurusunun tərkibindəki şəkər miqdarı eyni deyil. Şəkərli diabet xəstələri bu baxımdan xüsusilə həssas olmalıdırlar”, - deyə endokrinoloq vurğulayıb.

Şəhla Verdiyeva meyvə qurularının hazırlanma üsulunun da onların qida dəyərinə və tərkibinə təsir etdiyini bildirib. Onun sözlərinə görə, təbii şəkildə, əlavə şəkər və digər qatqılar olmadan qurudulan meyvələr sənaye üsulu ilə hazırlanan məhsullarla eyni qiymətləndirilməməlidir. Belə ki, sənaye üsulu ilə hazırlanan bəzi meyvə qurularında qurudulma prosesində şəkər və müxtəlif qida əlavələrindən istifadə olunur. Bu isə məhsulun tərkibində şəkərin miqdarının daha da artmasına səbəb ola bilər.

“Əgər meyvə təbii formada qurudulursa, onu daha təhlükəsiz hesab etmək olar. Sənayedə qurudulan meyvələrin isə böyük əksəriyyətində şəkər və müxtəlif qida əlavələrindən istifadə edilir. Bu da onların tərkibində şəkərin miqdarını artırır. Ancaq mən bir mütəxəssis kimi hər zaman meyvənin özünün qəbul edilməsini meyvə qurusuna nisbətən daha üstün tuturam”, - deyə Şəhla Verdiyeva bildirib.

Beləliklə, endokrinoloq meyvə qurularının tamamilə qadağan edilməsinin deyil, onların qəbul edilən miqdarına və hazırlanma üsuluna diqqət yetirilməsinin vacibliyini vurğulayır. Xüsusilə, şəkərli diabet xəstələri üçün adi meyvə ilə meyvə qurusu arasındakı şəkər miqdarı fərqinin nəzərə alınması mühüm şərtdir.