Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib

Papa XIV Leonun Fransaya səfərinin xərclərini qarşılamaq üçün Parisdə kilsə hələ də on milyonlarla avro vəsait toplamalıdır. Fransadakı dünyəvilik qaydaları və şirkətlərdən ianələrin qəbul edilməsindəki məhdudiyyətlər maliyyələşdirməni çətinləşdirir.

AZƏRTAC xəbər verir ki, sentyabrın 26-da Parisdə, Konkord meydanında və Yelisey prospektində keçiriləcək ayinə təxminən 600 min dindarın qatılması gözlənilir.

Bu qədər insanın arasında ianə səbətlərinin gəzdirilməsi isə nəzərdə tutulmur. Paris yeparxiyasında papanın səfərinin maliyyələşdirilməsi üçün vəsait toplamaqla məşğul olan Silvi Bretonun sözlərinə görə, meydandakı nəhəng ekranlarda QR kodlar nümayiş etdiriləcək və SMS vasitəsilə ianələrə çağırış ediləcək.

“Əgər həmin gün hər bir dindar 5 avro ianə etsə, böyük ayinin xərclərini qarşılamaq mümkün olar. Kilsədə problem ondadır ki, hər şey pulsuzdur, amma hər şeyin bir qiyməti var”, – deyə Breton bildirib.

Fransa Yepiskoplar Konfransının son hesablamalarına görə, XIV Leonun sentyabrın 25-dən 28-dək davam edəcək dörd günlük səfərinin ümumi xərci təxminən 27 milyon avro təşkil edir. Halbuki yay aylarının əvvəlində, səfər rəsmən elan ediləndə bu rəqəm 12 milyon avro kimi qiymətləndirilirdi.

“Golias” jurnalının baş redaktoru Kristian Terras isə hesab edir ki, 20 milyon avro minimum baza məbləğidir.

Xarici dövlət başçısının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xərclər istisna olmaqla, Fransa dövləti səfərin maliyyələşdirilməsinə vəsait ayırmır. İstisna yalnız Metz şəhərinə səfərlə bağlıdır. Burada 1905-ci ildə kilsə ilə dövlətin ayrılması haqqında qanun qəbul edilərkən Lotaringiyanın bir hissəsi Fransanın tərkibində deyildi və buna görə də xüsusi konkordat rejimi qüvvədə qalır. Lakin “Stade de France” stadionunun icarəyə götürülməsi və ya yarım milyondan çox insan üçün kütləvi ayinin təşkili böyük xərclər tələb edir.

Silvi Breton xatırladır ki, 2008-ci ildə XVI Benediktin səfəri zamanı Parisdəki “İnvalides” meydanında keçirilən ayində, hətta sanitar qovşaqlar da quraşdırılmamışdı. İndi isə ziyarətçilərin daha yüksək komfort gözləntiləri var. XIV Leonun ayini üçün 4 min sanitar qovşaq, həmçinin hər biri 50 min avroya başa gələn 48 nəhəng ekran quraşdırılacaq.

Vəsait toplamaq mümkün olsa da, kilsə bunu istənilən şərtlərlə etmək istəmir. İspaniyada mart ayında böyük məbləğdə ianə etmək istəyənlər üçün hazırlanmış tarif cədvəli mübahisələrə səbəb olmuşdu. 1000 avroluq ianə müqabilində iştirak sertifikatından başlayan siyahıda 500 min avro və daha çox məbləğ bağışlayanlara şəxsi görüş imkanı nəzərdə tutulurdu. İspaniya Yepiskoplar Konfransı sonradan bunun yalnız yerli komitənin hazırladığı işçi sənəd olduğunu və belə şəxsi görüşlərin heç birinin keçirilmədiyini açıqlayıb.

Papa səfərlərinin yüksək qiyməti yeni məsələ deyil. II İohann Pavelin dövründən etibarən Roma ilə məhdudlaşmayan papalıq səfərləri böyük beynəlxalq tədbirlərə çevrilib və onların maliyyələşdirilməsi dəfələrlə müzakirə mövzusu olub.

1987-ci ildə II İohann Pavelin ABŞ səfərinin hər saatının təxminən 93 min 572 dollara başa gəldiyi hesablanmışdı. 2018-ci ildə Papa Fransiskin İrlandiyaya səfərinin isə saatı təxminən 1 milyon avroya başa gəldiyi bildirilmişdi.

2024-cü ildə Fransiskin Lüksemburqa cəmi səkkiz saatlıq səfərinin xərci 1,5 milyon avrodan çox olub.