İçi dollarlarla dolu 8 çamadan çölə atıldı - (VİDEO)

Qazaxıstanda geniş rezonans doğuran korrupsiya qalmaqalı fonunda Astanada “Atlant-6” yaşayış kompleksinin yaxınlığında dollar əskinaslarına bənzər pullarla dolu səkkiz çamadan aşkarlanıb. İddiaya görə, həmin çantaları binanın pəncərəsindən atıblar.

Bu barədə "Centralmedia24" nəşri məlumat yayıb.

Qeyri-adi tapıntı Kunaev küçəsindəki 5 saylı binanın yaxınlığında aşkar edilib. Çamadanların ətrafında səpələnmiş əskinas dəstələri də olub. Hadisə şahidləri polisə məlumat veriblər, bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər.

Bu arada, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi “Samruk-Kazına” fondunun İdarə Heyətinin sədri Nurlan Jakupovun və “Qazaxıstan Dəmir Yolları”nın rəhbəri Yeljas Otnşiyevin saxlanıldığını rəsmən təsdiqləyib. Əməliyyat noyabrın 11-də MTK-nın Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilib. Top-menecerlərlə yanaşı, daha bir neçə nəfər də saxlanılıb.

"Centralmedia24" nəşrinin məlumatına görə, şirkət rəhbərləri xüsusilə külli miqdarda rüşvət almağa cəhddə şübhəli bilinirlər. Nəşrin mənbələri hər iki şəxsin müvəqqəti saxlama təcridxanasına yerləşdirildiyini bildirirlər.

 

Jurnalistlərin ilkin məlumatlarına görə, Otnşiyev paytaxtdakı “Tanjir” lounge-barında saxlanılıb. Hələlik, aşkarlanmış çamadanların istintaqla əlaqəli olub olmadığı rəsmi olaraq təsdiqlənməyib. MTK istintaq hərəkətlərinin davam etdiyini, lakin araşdırmanın maraqları naminə əlavə təfərrüatların açıqlanmadığını bildirib.

Nurlan Jakupov 2023-cü ilin aprelindən “Samruk-Kazına” fonduna rəhbərlik edir. Bundan əvvəl o, Qazaxıstan İnvestisiyaların İnkişafı Fondunun (KIDF) idarəedici şirkətinə rəhbərlik edib, daha əvvəl isə “Rothschild & Co” investisiya bankının Qazaxıstandakı nümayəndəsi olub. Jakupov, həmçinin KMG və “Air Astana” şirkətlərinin direktorlar şuralarının sədridir.

Yeljas Otnşiyev 2026-cı ilin iyulundan “Qazaxıstan Dəmir Yolları”na rəhbərlik edir. Bundan əvvəl o, “Samruk-Kazına” fondunda strategiya və aktivlərin idarə edilməsi üzrə idarəedici direktor vəzifəsində çalışıb. Otnşiyev Jakupovla birlikdə fonda gələn yeganə top-menecer olub.