Ermənistan Vətən müharibəsindən əvvəl davam edən uzunmüddətli danışıqlar prosesində daim qeyri-konstruktiv mövqe tutub. İşğalçı ölkə 1980-ci illərin sonlarından başlayaraq Azərbaycanın tarixi torpaqlarına qarşı öz ərazi iddialarını açıq şəkildə və daim bəyan edib. Bu bəyanatlar fonunda ölkəmizə qarşı etnik zəmində təxribatlar, terror əməlləri törədilib. Bu əməllər Azərbaycana qarşı açıq şəkildə hərbi təcavüzlə nəticələnib. SSRİ-nin dağılmasından istifadə edən Ermənistan hakimiyyəti Azərbaycan SSR-nin ayrılmaz parçası olan Qarabağ və Şərqi Zəngəzur ərazilərini məqsədyönlü şəkildə işğal edib. Həmin ərazilərdə yerləşən vətəndaşlarımızı öz doğma yurd-yuvalarından qovublar. Onların böyük hissəsi bu təcavüz nəticəsində yaralanıb. Çoxlu sayda şəhidlərimiz olub. Eyni zamanda, həm Qarabağdan və Zəngəzurdan, həm də Qərbi Azərbaycandan yüz minlərlə vətəndaşımız erməni təcavüzü nəticəsində yaralanıb və ya qətlə yetirilib.
Bunu AZƏRTAC-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ədalət Verdiyev vurğulayıb ki, torpaqlarımızın işğalı dövründə bu proseslər Ermənistan hakimiyyətinin Azərbaycana qarşı fasiləsiz olaraq əsassız ərazi iddialarına uyğun bəyanatları ilə müşahidə edilib. Bu bəyanatların arasında Ermənistanın Azərbaycan ərazilərini özününküləşdirmək, işğalı leqallaşdırmaq və ölkəmizin rəhbərliyini danışıqlar masasında mövcud reallıqlarla barışmaq məcburiyyətində qoymaq məqsədi daşıyırdı.
“Ümumilikdə isə Ermənistan tərəfindən Azərbaycana qarşı səslənən bəyanatlar onu deməyə əsas verirdi ki, bu ölkənin hakimiyyəti Vətən müharibəsində darmadağına məruz qalanadək danışıqlar prosesinə ciddi platforma kimi münasibət bəsləməyib. Sadəcə, bu, danışıqlar prosesini beynəlxalq aləmdə Ermənistanın sülh istiqamətində addım atmaq görüntüsü yaratmaq məqsədilə aparıb. Baş nazir Nikol Paşinyanın Vətən müharibəsindən əvvəl Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı Ermənistan ərazisi elan etməsi, digər tərəfdən keçmiş müdafiə naziri David Tonoyanın ölkəmizi “yeni müharibə, yeni ərazilər” bəyanatı ilə hədələməsi Azərbaycanın səbrinin tükənməsi ilə nəticələndi.
Bundan başqa, Ermənistan Azərbaycana qarşı 2010-cu ildən başlayaraq xüsusi intensivliklə hərbi təxribatlar törədirdi. Onların arasında 2016-cı ilin aprel döyüşləri və 2020-ci ilin Tovuz döyüşləri Ermənistanla danışıqların artıq mənasız olduğu göstərdi”, - deyə Ədalət Verdiyev bildirib.
Hərbi ekspertin sözlərinə görə, Ermənistan BMT-nin qəbul etdiyi dörd qətnaməni yerinə yetirmək əvəzinə Vətən müharibəsindən əvvəl Azərbaycanın işğal altındakı ərazilərində 40 min nəfər qoşunun iştirakı ilə təlimlər keçirirdi. 2018-ci ildə Azərbaycan “ADEX” sərgisini Bakıda keçirərkən Ermənistanın hərbi təyyarələri Xocalı Hava Limanına eniş etmişdilər. Digər tərəfdən isə Ermənistan İkinci Qarabağ müharibəsindən əvvəl, 2020-ci ilin martında Azərbaycanın işğal olunmuş torpaqlarında qondarma seçkilər keçirirdi.
Vətən müharibəsindən bir ay əvvəl isə Azərbaycan ərazilərinə Ermənistanın kəşfiyyat-diversiya qrupları göndərilmişdi. Həmin müharibədən əvvəl Ermənistanda qəbul edilən çox sayda hüquqi-normativ sənədlərdə, o cümlədən onun hərbi doktrinasında və milli təhlükəsizlik strategiyasında işğalçı ölkənin Azərbaycana qarşı təcavüzkar və hücum xarakterli fəaliyyətləri nəzərdə tutulurdu. Ermənistan ərazisində Azərbaycana qarşı döyüş əməliyyatlarında iştirak etmək üçün mülki vətəndaşlardan ibarət könüllü hərbi dəstələr yaradılırdı.
Ermənistan tərəfi Azərbaycanı böyük şəhərlərə, mühüm əhəmiyyət daşıyan mülki infrastrukturuna zərbələr endirməklə hədələyirdi. Həmçinin bir çox ölkədən Ermənistan ərazisinə aşkar şəkildə muzdlular və terrorçular cəlb edilirdi. Ermənistan bütün mümkün yollarla, hətta müharibədə istifadəsi qadağan olunan qanunsuz silahlar əldə edirdi.
“Bu proseslər bir daha onu göstərirdi ki, Ermənistan nəinki BMT-nin qətnamələrini yerinə yetirmək istəmirdi, tam əksinə, yenidən müharibəyə hazırlaşırdı. Ali Baş Komandan İlham Əliyev müharibədən cəmi üç gün əvvəl bu sadalanan faktların əksəriyyətini, o cümlədən Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını beynəlxalq ictimaiyyətə bəyan etmişdi. Lakin kimsə Ermənistanı bu məntiqsiz addımlardan çəkindirə bilmədi.
Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi hazırlıqları barədə bu ölkənin silahlı qüvvələrinin təmas və dövlət sərhədində cəmləşməsi barədə qarşı tərəfi xəbərdar etmişdi və demişdi ki, əgər Ermənistan hücum edərsə, o bu əməlinə və fəaliyyətinə görə peşman olacaq. Lakin bu xəbərdarlıqdan nə Qərb ölkələri, nə Ermənistan, nə də onun digər müttəfiqləri nəticə çıxarmadı. Onun acı nəticələri isə hər birimizə, xüsusilə də Ermənistana yaxşı məlumdur. Ermənista tərəfindən verilən bütün əsassız bəyanatlar ona gətirib çıxardı ki, Ermənistan Vətən müharibəsindən əvvəl nəzarət etdiyi ərazilərin hamısını hazırda itirdi.
Bu gün Azərbaycan əsgəri Ermənistanın enini və uzununu müşahidə altında saxlayır və ölkəmiz Ermənistan üzərində çox böyük hərbi, siyasi, diplomatik üstünlük əldə edib. Nəticədə, Ermənistan isə indi XXI əsrin fərari ordusuna malik cırtdan ölkəyə çevrilib”, - deyə ekspert vurğulayıb.