Sergey Lavrov: Sinop AES-in tikintisində Rusiyanın iştirakı hər iki tərəfə sərfəlidir

Sinop atom elektrik stansiyasının (AES) tikintisi layihəsinin necə, hansı əsaslarla və kimin köməyi ilə həyata keçiriləcəyinə Türkiyə hakimiyyəti qərar verməlidir. Əgər biz Rusiyanın iştirak parametrlərini razılaşdıra bilsək, o zaman, fikrimizcə, bundan hər iki tərəf faydalanacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində deyib.

Rusiyalı nazirin sözlərinə görə, tərəflər arasında uğurlu əməkdaşlıq nümunəsi - Türkiyənin cənubundakı Mersin vilayətində Akkuyu AES-in tikintisi layihəsi var.

“Rusiya sanksiyaların təzyiqinə uyğunlaşıb və uğurla inkişaf edir. Alıcılıq qabiliyyəti paritetində ÜDM-in həcminə görə biz dünyada dördüncü, Avropada isə birinci mövqeyə yüksəlmişik”, -deyə Lavrov bildirib.

Nazir qeyd edib ki, bu il Rusiya iqtisadiyyatının artımı təxminən 3,9 faiz təşkil etməlidir. “Rusiya dünyanın ən böyük iqtisadiyyatları arasında ən aşağı işsizlik səviyyəsinə malikdir, bu rəqəm 2,4 faizdir” , -deyə Rusiya diplomatiyasının rəhbəri diqqətə çatdırıb.

Onun fikrincə, ABŞ Rusiya ilə ticarətdə maraqlı olan xarici tərəfdaşların imkanlarını məhdudlaşdırmağa çalışır. Lavrov əlavə edib: “Təəssüf ki, Türkiyə də istisna deyil. Praktiki əməkdaşlığımızın perspektivləri ekspertlərin yaxın gələcəkdə qarşılıqlı məqbul həll yollarını tapa bilib-bilməyəcəyindən asılıdır”.

Suriyadakı vəziyyətə gəlincə, Rusiya XİN-in rəhbəri qeyd edib ki, Suriya-Türkiyə münasibətlərinin normallaşması bu ölkədə davamlı stabilləşmə və bütün Yaxın Şərq regionunda təhlükəsizliyin möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.

“Rusiya Dəməşq və Ankara arasındakı ziddiyyətləri aradan qaldırmaq üçün ardıcıl səylər göstərir. Türkiyədən və İrandan olan həmkarlarımla bu məsələni sentyabrın 27-də Nyu-Yorkda Astana prosesinin qarant ölkələrinin xarici əlaqələr idarələrinin rəhbərlərinin görüşündə müzakirə etdik”, - deyə rusiyalı nazir bildirib.