Azərbaycanda bu il Türk Dövlətləri Təşkilatı Ədliyyə Nazirləri Şurasının 2-ci iclası keçiriləcək

Türk Dövlətləri Təşkilatı (TDT) Ədliyyə Nazirləri Şurasının 2-ci iclasının bu il Azərbaycanda təşkil olunması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən TDT Məhkəmə Şuraları sədrlərinin 3-cü iclasındakı çıxışında sözügedən təşkilatın Baş katibi Kubanıçbek Ömüralıyev bildirib.

Baş katib qeyd edib ki, hazırda TDT ilə müşahidəçi dövlətlər arasında 35-dən çox sahə üzrə səmərəli əməkdaşlıq var: "Bu sahələrdən biri hüquq-mühafizə və məhkəmə sistemidir. Qeyd edim ki, ötən ay təşkilatımızın Budapeştdə keçirilən qeyri-rəsmi görüşü zamanı dövlətlərimizin başçıları üzv ölkələri regionda və onların hüdudlarından kənarda sülh və təhlükəsizliyə qarşı çağırışlarla mübarizədə birgə səyləri davam etməyə çağırdılar. Bu məsələlər hüquqi əməkdaşlıq gündəmində əsas yer tutur. Təşkilatımız yaranandan indiyədək məhkəmə hakimiyyəti ilə bağlı davamlı uğurlar əldə olunub", - deyə o qeyd edib.