Bu il biz iki qardaş ölkənin, qardaş xalqın – Azərbaycan və Özbəkistanın diplomatik münasibətlərinin qurulmasının 30 illiyini qeyd edirik. Amma bizim əlaqələrimizin yaşı minilliklərə söykənir. Biz bunu ortaq dilimizdə, folklorumuzda, adət-ənənələrimizdə, ədəbiyyatımızda hiss edirik.
Bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumundakı çıxışı zamanı deyib.
Günay Əfəndiyeva iki ölkə arasındakı əməkdaşlığın mədəni-humanitar sahələr ilə yanaşı, siyasi baxımdan da ciddi zəmində baş verdiyini bildirərək vurğulayıb: “Bu 30 il ərzində ölkələrimizin ortaq keçmişə əsaslanan birliyi bir-birinə real dəstəyə çevrilib. Bu gün ölkələrimizin əməkdaşlığı Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin qardaş münasibətləri və birgə strateji baxışları ilə tamamilə yeni mərhələyə qədəm qoyub. Özbəkistan tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, o cümlədən Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin, Xankəndində tikiş fabrikasının inşa olunması qardaşlığımızın real təzahürüdür”.
Günay Əfəndiyeva Azərbaycan ilə Özbəkistanın diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə Milli Məclisin Mədəniyyət komitəsi tərəfindən həyata keçirilən fəaliyyətdən bəhs edib:
“Bu xüsusda, 2 ay öncə, Mədəniyyət komitəsinin, Özbəkistanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində Bakıda Abdulla Qədirinin məşhur “Ötən Günlər” romanı əsasında hazırlanmış tamaşanın premyerası böyük təntənə ilə keçirildi. Tədbir çərçivəsində Özbəkistandan Bakıya səfər edən geniş nümayəndə heyəti ilə Milli Məclisdə səmimi görüş təşkil olundu”.
Günay Əfəndiyeva bu əlamətdar yubileylə əlaqədar keçirilən digər tədbirlərə də toxunub: “Daha sonra, - bir ay əvvəl, növbəti ildönümü tədbiri qədim Gəncədə davam etdirildi. Yazıçı- dramaturq Əmir Pəhləvanın azərbaycanlı oğlan ilə özbək qızın sadiq məhəbbətindən bəhs edən “Sevənlərindir dünya” əsəri nümayiş olundu, tamaşaçılar tərəfindən maraqla qarşılandı. Həmçinin bu il nümayişində iştirak etdiyimiz Özbəkistanın lirik komediya janrında çəkilmiş “Çimıldık” filmi ölkəmizdə seyiricilər tərəfindən sevilərək izləndi. İl boyu bu əlamətdar yubileylə bağlı tədbirlərin həm paytaxtda, həm də regionlarında davam etdirilməsi nəzərdə tutulur”.
Milli Məclisin deputatı bu kontekstdə, parlamentlərarası əməkdaşlığın önəmli rolunu vurğulayaraq mədəniyyət sahəsi bağlı bir sıra təklif səsləndirib: “Biz Azərbaycan Milli Məclisi ilə Özbəkistanın Ali Məclisinin nəzdində birgə mədəniyyət platforması yarada bilərik. Bu platforma vasitəsilə qarşılıqlı mədəni tədbirlər haqqında məlumat mübadiləsi aparmaq və daha sıx əməkdaşlığı inkişaf etdirmək mümkün olacaq. Azərbaycan və Özbəkistanın tarixi-mədəni zənginliyi “Böyük ipək yolu mədəniyyət marşrutu” adı altında geniş parlamentlərarası layihədə təqdim oluna bilər. Bakıdan Səmərqəndə, Şəkidən Buxaraya kimi davamlı görüşlər keçirib, bir-birimizin bu sahədə qanunvericilik üzrə təcrübələrini bölüşə bilərik. Biz əsərlərimizin teatrlarda, kinoda, təsviri incəsənətdə və musiqidə qarşılıqlı nümayişini təbliğ edə və dəstəkləyə bilərik. Ali məktəblərimizin dil fakültələri arasında mübadilə proqramları təşkil oluna bilər - axı bizim dillərimiz çox yaxındır.
“Düşünürəm ki, mədəniyyət diplomatiyası – səmimi diplomatiyadır. O, imza ilə yox, qəlblə təsdiqlənir. Bizim könül bağlarımız isə çox qüvvətlidir. Çünki, Özbəkistan, bizim özümüzdür. Biz bu gün özümüzlə görüşürük”, - deyə Günay Əfəndiyeva qeyd edib.