Qazaxıstan ordusunda süni intellekt tətbiq olunur

Qazaxıstan Müdafiə Nazirliyində süni intellekt (AI) texnologiyalarının tətbiqi və inkişafına cavabdeh olan ixtisaslaşdırılmış bölmə yaradılıb.

AZƏRTAC Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, yeni struktur Silahlı Qüvvələrin rəqəmsal transformasiyasının əsas elementinə çevriləcək.

Bölmənin başlıca vəzifələri irihəcmli məlumatların təhlili, idarəetmənin avtomatlaşdırılması, əməliyyat ssenarilərinin modelləşdirilməsi və müasir hərbi şəraitdə idarəetmə qərarlarının qəbulu sürətinin artırılması üçün süni intellekt həllərinin işlənib hazırlanması və tətbiqindən ibarətdir.

Süni intellektin tətbiqi bölməsinin yaradılması həm də insan resurslarının inkişafına yönəlib: müasir alqoritmlər və sistemlərlə işləməyi bacaran rəqəmsal texnologiyalar sahəsində analitik zabitlərin və mütəxəssislərin hazırlanması planlaşdırılır.