ANAMA-nın şöbə müdiri: Hər mina partlayışı bir ailənin ömürlük daşıdığı yaradır - MÜSAHİBƏ

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov AZƏRTAC-a məxsusi müsahibəsində mina təhlükəsi ilə mübarizə fəaliyyətində maarifləndirmə işinin təşkili, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq, mina və partlamamış sursatların aşkarlanması üçün yeni texnologiyaların tətbiqi, mina və partlamamış hərbi sursatlardan təmizlənən ərazilərlə bağlı son vəziyyət, qadınların mina təmizləmə əməliyyatlarında rolu, ANAMA-nın gələcək planları və prioritet istiqamətləri, eləcə də digər mövzularda sualları cavablandırıb. Müsahibəni təqdim edirik.

-Mina təhlükəsi ilə mübarizə fəaliyyətlərində maarifləndirmə işlərinin təşkilində hansı meyarlar əsas götürülür? Yerli əhali ilə əlaqələr necə qurulur və maarifləndirmə işləri necə aparılır?

-Əhalini mina və digər partlayıcı sursatların yaratdığı təhlükələr barədə maarifləndirmək, riskləri azaltmaq və təhlükəsiz davranış vərdişlərini formalaşdırmaq məqsədilə Agentlik tərəfindən icra edilən partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə fəaliyyəti olduqca vacibdir. Agentlik bu çərçivədə müxtəlif yaş və sosial qrupları əhatə edən maarifləndirmə fəaliyyətlərini sistemli şəkildə həyata keçirir, eyni zamanda, bu fəaliyyətlər müvafiq materialların yayımı və maraqlı tərəflər arasında əlaqələndirmə işlərini də əhatə edir. Maarifləndirmə fəaliyyəti - ümumi, təlimçilərin təlimi (ToT), icma və məktəbəsaslı maarifləndirmə istiqaməti üzrə həyata keçirilir.

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşan, orada bərpa-quruculuq və digər fəaliyyətlərə cəlb edilən hər kəs, eləcə də keçmiş təmas xətti boyu ərazilərdə yaşayan vətəndaşlar üçün maarifləndirmə tədbirləri keçirilir, əsas təhlükəsizlik qaydaları haqda məlumat verilir. Yerli nümayəndəliklər, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə bu sahədə əməkdaşlığın böyük faydası var. Maarifləndirmə tədbirləri işğaldan azad edilmiş ərazilərə səfər edən həm yerli, həm də əcnəbi şəxslər arasında da yerinə yetirilir. Bu məqsədlə nəzarət-buraxılış məntəqələrindən keçid edən yerli və xarici şəxslər müvafiq çap materialları ilə təmin edilir. “Yolumuz Qarabağa” portalı vasitəsilə qeydiyyatdan keçərək ərazilərə səfər edən insanlara müxtəlif dillərdə təhlükəsizlik təlimatları təqdim olunur.

Həmçinin işğaldan azad edilmiş ərazilərdə çalışan dövlət qurumları ilə tərəfdaşlıq prioritet məsələlərdəndir. Müxtəlif sosial-humanitaryönümlü işlər yerinə yetirən, xidməti vəzifələrini icra edən qurumların əməkdaşları maarifləndirmə tədbirlərinə cəlb edilir. Qurumların əməyin təhlükəsizliyi üzrə məsul işçilərinin bu istiqamətdə bilik və bacarıqları artırılır. Bu günə kimi işğaldan azad edilmiş ərazilərdə çalışan iyirmi minə yaxın işçi mina xəbərdarlığına dair təlimat kitabçaları ilə təmin edilib. Qeyd etmək istərdim ki, maarifləndirmə təlimlərinə Agentliyin rəsmi internet səhifəsi vasitəsilə də (https://anama.gov.az/) qoşulmaq olar.

-Maarifləndirmə işində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq necə təşkil olunub?

-Qeyri-hökumət təşkilatları (QHT) ilə əməkdaşlıq həm yerli icmaların məlumatlandırılmasını gücləndirir, həm də maarifləndirmə proqramlarının daha çevik və geniş əhatəli olmasına şərait yaradır. QHT-lər qrant layihələr vasitəsilə mina təhlükəsi ilə mübarizə sahəsində bir sıra uğurlu işlər icra edirlər. Həm ölkəmizin mina probleminin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, həm də yerli əhali ilə maarifləndirici görüşlərin, tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət aparılır. QHT-lər tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri dövlət və vətəndaş cəmiyyəti arasında qarşılıqlı tərəfdaşlığın nümunəsidir. Tədbirlər çərçivəsində həm minadan zərərçəkənlərlə, müxtəlif kənd və qəsəbələrdə yaşayan, təhlükəli ərazilərə yaxın yerlərdə məskunlaşan insanlarla görüşlər, seminarlar, icmaəsaslı fəaliyyət tədbirləri yerinə yetirilir. Maarifləndirmə işlərində kütləviliyin təmin olunması, təhlükəsizlik mesajlarının daha çox insana çatdırılması üçün gənclərin, könüllülərin təşəbbüslərindən, inklüziv futbol və digər sosialyönümlü platformalardan istifadə edilir. Əsas məqsədimiz ən sonuncu şəxsə belə təhlükəsiz davranış qaydaları ilə bağlı məlumatların çatdırılmasından ibarətdir. Bu sahədə QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə tərəfdaşlığın gücləndirilməsi istiqamətində işlər həyata keçirilir.

Bildiyiniz kimi, son vaxtlar Amputant Futbol üzrə Millətlər Liqasının “C” qrupunun oyunları Agentliyin təşəbbüsü, AFFA və digər qurumlarla birgə tərəfdaşlıq çərçivəsində ölkəmizdə keçirildi. Beş ölkənin idmançılarının iştirak etdiyi yarışda əsasən mina partlayışları nəticəsində xəsarət almış amputant şəxslərdən ibarət komandamız da uğurlu çıxış etdi. Oyunlar çərçivəsində yerli auditoriya mina xəbərdarlığı çağırışları ilə tanış oldu, oyunlar canlı olaraq dünyaya yayımlandı, ölkəmizin mina problemi bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.

-Mina və partlamamış sursatların aşkarlanması üçün yeni hansı texnologiya və avadanlıqlardan istifadə olunur?

-Humanitar minatəmizləmə fəaliyyətində ən müasir avadanlıqlardan istifadə edilir. Əməliyyatlarda maqnetik-lokator və detektorlardan, xüsusi təyinatlı məsafədən idarə olunan mexaniki minatəmizləmə vasitələrindən, “large-loop” adlanan geniş əhatəli metal detektorlardan, dərin axtarış cihazlarından, sahələrdə coğrafi koordinatların dəqiq əldə edilməsi üçün DGPS kimi avadanlıqlardan, təlimlərin keyfiyyətinin artırılması üçün müxtəlif təlim simulyatorlarından istifadə edilir. Bütün bu texnologiyalar bir-birini tamamlayaraq əməliyyatların dəqiq və təhlükəsiz icrasına şərait yaradır. Ərazinin çirklənmə səviyyəsi və relyefinə görə bəzən bir ərazidə bir neçə təmizləmə metodologiyası tətbiq edilir.

-Mina və sursatlardan təmizlənən ərazilərlə bağlı son statistik rəqəmlər necədir?

-İşğaldan azad edilmiş ərazilərdə 2020-ci ilin noyabr ayından 2025-ci il noyabrın 27-dək icra edilən humanitar minatəmizləmə əməliyyatları nəticəsində 242 min 700 hektar ərazi təmizlənib, 169 min 972 ədəd partlamamış hərbi sursat, 39 min 728 ədəd piyadaəleyhinə mina, 22 min 822 ədəd tankəleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

 

-Qadınların mina təmizləmə əməliyyatlarında rolu nədən ibarətdir və bu sahədə neçə qadın əməkdaş fəaliyyət göstərir?

-2023-cü ildən etibarən qadınlardan ibarət minatəmizləmə qrupları işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunub. Onlar əvvəlcə Ağdam rayonu ərazisində, hazırda isə Ağdərə rayonunun Talış kəndi ərazisində minatəmizləmə əməliyyatlarında iştirak edirlər. Hazırda 18 qadın minaaxtaran və 2 qadın paramedik fəaliyyət göstərir. Qadın minaaxtaranlar tərəfindən indiyədək 600 hektardan çox ərazi minalardan təmizlənib, 550 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb. Minaaxtaran qadınlarla yanaşı, minaaxtaran it bələdçisi xanımlar da fəaliyyətə cəlb olunub.

-Xarici ekspertlər və texniki dəstək proqramları barədə məlumat verə bilərsinizmi?

-Agentlik minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir. Ölkəmizin mina probleminin aradan qaldırılması istiqamətindəki fəaliyyətdə beynəlxalq əməkdaşlıq və donor dəstəyinin də özünəməxsus rolu və önəmi var. Hazırda bir sıra beynəlxalq təşkilatlar və tərəfdaş ölkələr bu istiqamətdə ölkəmizə həm texniki, həm də metodoloji dəstək göstərir. Bu əməkdaşlıq çərçivəsində minatəmizləmə əməliyyatlarında müasir texnologiyaların tətbiqi, heyətin peşəkar hazırlığı və beynəlxalq standartlara uyğun fəaliyyətin genişləndirilməsi istiqamətində mühüm işlər aparılır.

Son illərdə Agentlik bir sıra ölkələrin müvafiq qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq və dəstəyi ehtiva edən Anlaşma memorandumları imzalayıb. Bu fəaliyyətlər beynəlxalq tərəfdaşlıq, eləcə də Azərbaycanın minatəmizləmə potensialının regional səviyyədə güclənməsinə, innovativ yanaşmaların tətbiqinə və təhlükəsiz yaşayış mühitinin bərpasına xidmət edir.

- Azərbaycan təcrübəsi beynəlxalq səviyyədə necə qiymətləndirilir?

-Ölkəmizdə bu istiqamətdə kompleks idarəetmə sistemi qurulub, müasir texnologiyalar tətbiq olunur, beynəlxalq standartlara əsaslanan əməliyyat prosedurları və təlim proqramları həyata keçirilir. Agentliyin həm ölkə daxilində, həm də xaricdə təşkil olunan müxtəlif ixtisasartırma kurslarında iştirak edən təlim heyətinin fəaliyyəti minatəmizləmə sahəsində milli potensialın formalaşmasında əvəzsiz rol oynayıb. Həmçinin Agentlik müxtəlif dövrlərdə beynəlxalq təlim sifarişlərini də uğurla yerinə yetirib. Agentlik nümayəndələri mütəmadi olaraq xarici ölkələrə səfərlər edərək həmin ölkələrin minatəmizləmə qurumları, beyin mərkəzləri ilə görüşlər keçirir, beynəlxalq konfrans və seminarlarda iştirak edirlər.

Agentlik digər ölkələrin minatəmizləmə qurumları ilə əməkdaşlıq etməklə yanaşı, sahə üzrə nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GICHD) və ASEAN Regional Minatəmizləmə Mərkəzi (ARMAC) ilə mövcud əməkdaşlığını daha da inkişaf etdirir. Bu sahədə təcrübə mübadiləsi icra olunur.

-ANAMA-nın gələcək planları və prioritet istiqamətləri hansılardır?

-Əməliyyatların yalnız təhlükəsizlik aspekti deyil, dayanıqlı inkişaf və bərpa proseslərinə birbaşa töhfə verməsi bizim üçün prioritetdir. Məqsədimiz təmizlənmiş ərazilərin məskunlaşma, infrastruktur və kənd təsərrüfatı layihələri üçün tez bir zamanda istifadəyə yararlı vəziyyətə gətirilməsidir. Biz bu prinsiplər üzərindən hərəkət edərək, minalardan azad, təhlükəsiz və inkişaf edən Qarabağ və Şərqi Zəngəzur görmək istəyirik.

- Təcrübəyə əsasən, mina hadisələrində hansı amil əsas rol oynayır?

-Mina hadisələri müxtəlif səbəblərdən baş verir, burada diqqətsizlik amili böyük rol oynayır. Əsasən qanunsuz səfərlər nəticəsində hadisələr çoxluq təşkil edir. Həmin ərazilərin fiziki baryerlə mühafizəyə götürülməsi, yəni çəpərlənməsi və görülən çoxsaylı tədbirlər hadisələrin sayını xeyli azaldıb. Vətəndaşlara bir daha müraciət edərək bildirmək istəyirəm ki, təhlükəli ərazilərdən uzaq dursunlar, bələd olmadıqları ərazilərə daxil olmasınlar, gündəlik işlək yollardan istifadə etsinlər, həmçinin şübhəli əşyalara toxunmasınlar, təhlükəli hallarla rastlaşarlarsa dərhal “805”, “102” və ya “112” qaynar xətlərinə məlumat versinlər.

Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimlərində iştirak edən nümayəndələr öyrəndikləri məlumatları öz yaxınları ilə paylaşaraq, daha çox insanın məlumatlı olmasına töhfə verə bilərlər. Hər mina partlayışı bir ailənin ömürlük daşıdığı yaradır. Özünüzü və yaxınlarınızı mina təhlükəsindən qoruyun!