Cənubi Koreyanın yardım alan ölkədən donor ölkəyə çevrilməsi təcrübəsi Azərbaycanın inkişaf yolu ilə oxşarlıq təşkil edir və iki ölkə arasında xüsusi əlaqə yaradır.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kang Kym Gu Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfrans çərçivəsində keçirilən “Davamlı inkişaf və effektiv humanitar yardım üçün tərəfdaşlıqlar” adlı panel sessiyada deyib.
Səfir bildirib ki, Koreya 1945-ci ildə müstəqilliyini əldə etdikdən 1990-cı illərin sonlarına qədər ümumilikdə 12,7 milyard ABŞ dolları həcmində xarici yardım alıb.
“Xarici yardım Koreya xalqı üçün əsas resurs idi, insanlara fundamental ehtiyaclarını ödəməyə və minimum yaşayış standartını qorumağa kömək edirdi”, - deyə K.K.Gun qeyd edib.
Onun sözlərinə görə, Koreyanın sürətli transformasiyasına bir sıra mühüm amillər təsir göstərib.
Səfir qeyd edib ki, Koreya hökuməti xarici yardımı icbari təhsil, ixracyönümlü sənaye infrastrukturu və kənd təsərrüfatının modernləşdirilməsi kimi əsas sahələrə sistemli şəkildə yönəldib.
“Bu yanaşma hər bir dolların müvəqqəti yardım deyil, uzunmüddətli özünütəminat üçün katalizator rolunu oynamasını təmin edib”, - deyə o vurğulayıb.
K.K.Gun bildirib ki, yoxsulluğun aradan qaldırılması və ölkənin inkişaf etdirilməsi istiqamətində güclü istək Koreya işçi qüvvəsinin dayanıqlılığı, intizamı, təhsilə və milli məhsuldarlığa sadiqliyi ilə müşayiət olunub.
O əlavə edib ki, beynəlxalq ictimaiyyətin Koreyanın ən çətin dövrlərində göstərdiyi davamlı dəstək ölkənin iqtisadi inkişafının əsasını qoyması üçün mühüm imkan yaradıb.
Səfirin sözlərinə görə, hökumət və xalq xarici yardımdan strateji və səmərəli istifadə etməklə, daxili inkişaf amilləri ilə birlikdə çətinlikləri dəf edib və sürətli iqtisadi artıma nail olub.
“Koreya 2000-ci ildə rəsmi olaraq və qürurla rəsmi inkişaf yardımı alan ölkələr siyahısından çıxdı. Yardım alan ölkədən donor ölkəyə keçid Koreyanın unikal təcrübəsidir və ənənəvi donorların bir çoxunun malik olmadığı üstünlükdür”, - deyə diplomat bildirib.
K.K.Gun Azərbaycanın da bu baxımdan oxşar üstünlüyə malik olduğunu vurğulayıb.
“Azərbaycan və Koreyanın fərqli tarixləri, fərqli təcrübələri var. Lakin mən hesab edirəm ki, yardım alan ölkədən donor ölkəyə çevrilməyə dair ortaq yolumuz bir-birimizi daha dərindən anlamağımıza imkan verir və iki ölkə arasında xüsusi əlaqə yaradır”, - deyə səfir qeyd edib.
O bildirib ki, qlobal iqtisadi və ekoloji vəziyyət, eləcə də beynəlxalq inkişaf sahəsi əhəmiyyətli dəyişikliklərdən keçir. Son illərdə regional münaqişələrin intensivləşdiyini, qlobal böhranların daha mürəkkəb və çağırışların daha müxtəlif xarakter aldığını deyən diplomat qeyd edib ki, bu böhranların yükü əsasən ən həssas insanların üzərinə düşür.
Səfir qlobal inkişaf maliyyələşməsinin isə əhəmiyyətli dərəcədə azaldığını bildirib.
“İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına görə, ümumi rəsmi inkişaf yardımlarının (ODA) həcmi 2025-ci ildə 2024-cü illə müqayisədə 23 faiz azalıb. Bu, indiyədək qeydə alınmış ən böyük azalmadır”, - deyə K.K.Gun vurğulayıb.
Onun sözlərinə görə, bir sıra əsas donor ölkələr artan maliyyə çətinlikləri ilə üzləşir və bu da ODA-nın milli siyasətlərdəki prioritetlərinə təsir göstərir.
“Bu gün ODA daha yaxşı nəticələr və daha yüksək effektivlik nümayiş etdirmək üçün artan təzyiqlə üzləşir”, - deyə səfir əlavə edib.
K.K.Gun bildirib ki, Koreya hökuməti də bu dəyişiklikləri nəzərə alaraq ODA-nın effektivliyini artırmaq və proqramların mənalı nəticələr verməsini təmin etmək yollarını axtarır.
Səfir qeyd edib ki, Koreya hökumətinin əsas prioritetlərindən biri qlobal böhranlara reaksiyanı davam etdirmək və inklüziv dəyərləri təşviq etməkdir.
“Bunun üçün Koreya hökuməti iqlim dəyişikliyi, səhiyyə və ərzaq təhlükəsizliyi kimi qlobal çağırışlara cavab verməyə davam edəcək, eyni zamanda humanitar yardım sahəsində səylərimizi genişləndirəcək. Bura iqlim dəyişikliyinin həlli üçün beynəlxalq təşkilatlarla tərəfdaşlığın gücləndirilməsi və davamlı inkişaf məqsədlərindən sonrakı gündəmə hazır olmaq da daxildir”, - deyə diplomat bildirib.