Belçika və Niderland parlamentlərinin son qətnamələri nə hüquqi əsaslara, nə də regiondakı real vəziyyətə söykənmir. Bu sənədlər siyasi manipulyasiya nümunəsi olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinə selektiv və riyakar yanaşmanın, açıq qərəzin, siyasi aqressiyanın növbəti təzahürüdür.
Trend xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elçin Mirzəbəyli parlamentin bugünkü plenar iclasında deyib.
Millət vəkili bildirib ki, qətnamələrdə “suverenlik” və “ərazi bütövlüyü” prinsiplərinə istinad edildiyi halda Azərbaycanın guya Ermənistan ərazilərini “işğal etməsi” kimi tamamilə əsassız iddiaların irəli sürülməsi sözügedən qərəzli kağız parçasının mahiyyətini ortaya qoyur. Bu, təkcə ziddiyyət deyil, faktların məqsədyönlü şəkildə təhrif olunmasıdır:
“Belçika parlamenti isə regionda guya “gərginlik” və “hərbi risklər” barədə danışır. Bəlkə də arzu və istəklərini ifadə edir. Halbuki bölgədəki reallıq tam əksini göstərir. Son iki ildə Azərbaycan-Ermənistan sərhədində ən sabit və sakit dövr yaşanır. Bu faktı Ermənistanın rəsmiləri də hər addımda etiraf edirlər. Deməli, burada məqsəd süni təhlükə görüntüsü yaratmaqla sülh prosesinə maneə yaratmaqdan ibarətdir və bu niyyət özünü Ermənistandakı müşahidə missiyasının genişləndirilməsi isə bağlı təşəbbüsdə büruzə verir. Bu isə geosiyasi maraqların sülh gündəliyindən üstün tutulmasının göstəricisidir”.
Deputat vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş mühüm irəliləyişlərə, o cümlədən sülh müqaviləsinin mətninin razılaşdırılması kimi mühüm tarixi addıma istinadın olmaması, Vaşinqton prosesinin nəticələrinin görməzdən gəlinməsi isə sistemli qərəzin göstəricisidir.
“Bu qətnamənin məhz sülh danışıqlarının intensivləşdiyi, parlamentlərarası dialoqun davam etdiyi bir dövrdə qəbul olunması onun əsl mahiyyətini açıq şəkildə ortaya qoyur. Məqsəd sülhə töhfə vermək deyil – məqsəd sülh prosesinə kölgə salmaq, revanşist qüvvələri ruhlandırmaq və regionda yeni gərginlik ocaqları yaratmaqdır.
Belçikanın siyasi dairələrinin, o cümlədən parlamentarilərinin Azərbaycan əleyhinə qərəzi artıq uzun illərdir ki, davam edir. Avropa Şurası Parlament Assambleyasında Belçikalı parlamentarilərin də ölkəmizə qarşı həyata keçirilən qarayaxma kampaniyalarının ön sıralarında yer alması, Belçika parlamentində Azərbaycanla dostluq qrupunun fəaliyyəti dayandırılması da sübuta yetirir ki, bu, ardıcıl və planlı şəkildə qurulan və siyasi motivlərə əsaslanan bir prosesdir.
Amma əgər qarşı tərəf dialoqu dağıdırsa, əməkdaşlıq mexanizmlərini sıradan çıxarırsa, biz niyə bu formal çərçivələri qoruyub saxlamalıyıq?
Biz daim sülh, əməkdaşlıq və qarşılıqlı hörmət tərəfdarı olmuşuq. Lakin birtərəfli ittihamlar, əsassız qətnamələr və siyasi təzyiqlər fonunda bu prinsiplərin yalnız bir tərəf üçün işləməsi qəbuledilməzdir.
Bu səbəbdən təklif edirəm ki, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti dayandırılsın.
Bu, emosional reaksiya deyil. Əgər əməkdaşlıq platformaları qarşı tərəf tərəfindən alətə çevrilirsə, əgər dialoq imitasiya xarakteri daşıyırsa, bu mexanizmlərin saxlanılması sadəcə formal xarakter daşıyır və heç bir real məna kəsb etmir”, - deyə o fikrini yekunlaşdırıb.