Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası Qərbdə mənzillənən ermənipərəst dairələr tərəfindən Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb.

Trend açıqlamanı təqdim edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı davamlı uğurların və Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin həyata keçirilməsi fonunda, habelə Bakı şəhərində keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ərəfəsində Azərbaycan Respublikasına qarşı Qərb ölkələrində mənzillənən ermənipərəst dairələr tərəfindən son vaxtlar hibrid təhdid elementlərindən istifadə olunduğu müşahidə edilir.

Müşahidə olunan aktivliyin Azərbaycanda keçirilmiş COP29 konfransı ərəfəsində və tədbir zamanı aparılan fəaliyyətlərlə bənzərlik təşkil etməsi Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası tərəfindən (Komissiya) öz səlahiyyətləri çərçivəsində araşdırma aparılmasını zəruri edib.

Qeyd edilməlidir ki, o vaxt ölkəmizə qarşı hibrid təhdidlərin əsasən iki növü – “Lawfare”, yəni hüquqi vasitələrlə təzyiq və dezinformasiya kampaniyaları geniş vüsət almışdı.

Komissiya tərəfindən cari il mayın 2-də ermənipərəst dairələr tərəfindən əlaqələndirilmiş şəkildə aparılan dezinformasiya kampaniyası ilə bağlı açıqlama verilib. Eyni zamanda, Azərbaycan Respublikasının Milli Məclisi ölkəmizə təzyiq göstərmək istəyən Avropa Parlamenti, Belçika Federal Parlamentinin Nümayəndələr Palatası və Niderland Nümayəndələr Palatasına layiq olduqları cavabları verib, lazımi addımları atıb, qəbul edilən ədalətsiz və anti-Azərbaycan qətnamələrə kəskin etirazını bildiribdir.

Komissiya tərəfindən, ilk növbədə, Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının qəbul etdiyi, həmçinin hüquqi qüvvəsi olmayan və öhdəlik yaratmayan qətnamənin həm layihə versiyasının (04.02.2026), həm də qəbul olunmuş variantının (16.04.2026) mətnləri müqayisəli təhlil edildikdən sonra burada hiyləyə yol verildiyi müəyyən olunub.

Belə ki, müəllif Mişel De Maeqd (Michel De Maegd) və digər dörd həmmüəllif tərəfindən layihə komitəyə təqdim olunan zaman onun dili yumşaq, adı neytral (“Belçikadan 2026-cı ilin mayında İrəvanda keçiriləcək Avropa İttifaqı-Ermənistan və Avropa Siyasi Birliyi sammitlərindən Ermənistan ilə Azərbaycan arasında sülh prosesini gücləndirmək üçün istifadə etməsinə çağıran qətnamə”) və sülh prosesini dəstəkləyən olsa da, yekun versiya daha radikal olmuş, Azərbaycana qarşı sərt addımların atılması və ölkəmizin daxili işlərinə qarışmaq tələbləri ilə “zənginləşdirilmişdir”.

Düşünürük ki, bu cür taktikadan istifadə olunmasında məqsəd qətnamə layihəsinin Xarici əlaqələr komitəsindən keçirərək rahat formada plenar iclasa tövsiyə olunması niyyəti ilə edilib.

Bununla bağlı şübhələrimizi artıran digər fakt isə aprelin 16-da plenar iclas zamanı baş verən proseslərlə bağlıdır. İlk növbədə, qeyd edilməlidir ki, Belçika parlamentindəki prosedur qaydalarına görə, plenar iclas zamanı səsverməyə çıxarılan bütün məsələlər (istər qətnamə və ya başqa bir sənəd olsun) müzakirədən dərhal sonra deyil, iclasın yekununda səsə qoyulur.

Azərbaycan əleyhinə olan bu qətnamənin müzakirəsi və səsvermə ilə bağlı videokadrlardan da göründüyü kimi, müzakirələr zamanı iclas zalı demək olar boş olub və orada 150 deputatdan yalnız 30-35 nəfər iştirak edib. Bu, onu deməyə əsas verir ki, belçikalı deputatların təxminən 80 faizi üçün nə qətnamə ilə bağlı edilən çıxışlar, nə də onun məzmunu əhəmiyyət kəsb etməyib. Lakin həmin gün gündəlikdə digər vacib məsələlər və səsvermədə iştirak zəruri olduğu üçün zaldakı bütün deputatlar (134 nəfər) avtomatik şəkildə Azərbaycan əleyhinə olan qətnaməyə də səs vermiş olublar.

Bu qətnamə ilə bağlı diqqət çəkən digər məqam isə orada açıq formada “Ermənistanla əlaqələrdə Niderland və Lüksemburq nümunələrinə uyğun hərəkət etmək” çağırışın olmasıdır. Qətnamədə bu cür ifadəyə yer verilməsi erməni lobbisinin təsiri altında fəaliyyət göstərən bir sıra Avropa İttifaqına üzv ölkələrin deputatlarının əlaqələndirilmiş formada fəaliyyət göstərən “ermənipərəst blok” formalaşdırdıqlarını deməyə əsas verir.

Bu məsələdə mənzil-qərargahı Brüsseldə yerləşən və Avropanın 13 ölkəsində fəaliyyət göstərən “Ədalət və Demokratiya naminə Avropa Erməni Federasiyası (EAFJD)” adlı lobbi təşkilatının əsas rol oynadığı, onun Belçika parlamentinin Xarici əlaqələr komitəsinin bir sıra üzvləri ilə sıx münasibətlərinin olduğu, habelə 2025-ci ilin aprelində həmin Komitə üçün təqdimat keçirdiyi faktlarla müəyyən edilib.

Mişel De Maeqdin parlamentdə 2019–2026-cı illər ərzində fəaliyyətinə nəzərə saldıqda, onun müəllifi və ya həmmüəllifi olduğu bütün qətnamə layihələrinin 7-si sırf Azərbaycana qarşı olub. Bu fəaliyyəti çərçivəsində o anti-Azərbaycan və ya ölkəmizin adı keçən məsələlərlə bağlı Belçika Krallığının hökumət rəsmilərinə ümumilikdə 6 yazılı sual ünvanlayıb. Onun plenar iclaslar zamanı verdiyi şifahi suallarının sayı 3, komitə iclaslarında isə bu tipli sualların sayı 19 olub.

Araşdırmalar zamanı De Maeqdin Ermənistan rəsmiləri və Belçikada fəaliyyət göstərən erməni lobbi qrupları ilə, o cümlədən “EAFJD”-lə institusional işbirliyində olduğu müəyyən edilib. Onun sosial media və mediadakı fəaliyyətlərinin təhlili zamanı tez-tez erməni media orqanlarına müsahibələr verməsi, birmənalı şəkildə ermənipərəst mövqe sərgiləməsi müşahidə edilib. De Maeqdin ötən ilin martında erməni mediasına verdiyi müsahibədəki ifadələr isə parlamentarinin erməni lobbisi tərəfindən hibrid təhdid aləti kimi istifadə olunduğunu açıq şəkildə nümayiş etdirir:

“Biz səsimizi yüksəltməliyik. Biz Azərbaycana olan təzyiqi bütün mümkün vasitələrlə artırmalıyıq. Mən bu məsələni bir daha xarici işlər naziri və Baş nazirlə müzakirə etdim. Bu məsələ təcilidir. Bu qətnamə layihəsi məhz bu məqsədə xidmət edir. Bu, Belçika Hökumətini hərəkətə keçməyə və öz təsir gücündən istifadə etməyə çağırır. Qətnamə Əliyev rejiminə qarşı sanksiya tətbiq etməyi tələb edir. Mən bu məsələdə həmişəki kimi fəal iştirak edəcəyəm və bu mübarizədə heç vaxt təslim olmayacağam”.

Niderland Nümayəndələr Palatasında isə təşəbbüskarı Don Seder (Don Ceder) olan və Azərbaycana qarşı qəbul olunan sənəd – “motion”-la bağlı apardığımız araşdırma zamanı bu fəaliyyətlərin də arxasında erməni lobbisinin olduğu müəyyən edilib.

İlk növbədə, qeyd edilməlidir ki, “motion” adlı bu tip sənədlər komitə iclaslarında hər hansı bir qanun və ya siyasət sənədi ilə bağlı, plenar iclaslarda isə müzakirə olunan istənilən bir məsələ ilə bağlı deputatlar tərəfindən yazılı şəkildə ünvanlanan və səsvermə ilə qəbul edilən təklif formasıdır.

Aprelin 16-da Don Seder tərəfindən səsləndirlən “motion”lardan biri Azərbaycan, digəri isə Azərbaycanın da adı keçməklə Türkiyə əleyhinə olub. Qondarma erməni soyqırımının Niderland Hökuməti tərəfindən tanınması ilə bağlı edilən ikinci “motion”da diqqət çəkən məqam isə orada da Belçika parlamentinin 16 aprel tarixli qətnaməsində olduğu kimi, digər dövlətlərin təcrübəsindən istifadə edilməsinə çağırışın olmasıdır. Əgər orada Niderland və Lüksemburq təcrübələrinə istinad edilirdisə, Don Sederin təklifində “ehtiyac olduğu təqdirdə Belçika və Lüksemburqa məsləhət və ekspert dəstəyi üçün müraciət edilməsi” xahiş olunur.

Onun Niderland Parlamentdəki anti-Azərbaycan və anti-Türkiyə fəaliyyətlərinin, yazılı sorğularının (Qeyd: onun deputat seçildiyi vaxtdan verdiyi ümumi sorğuların 12-si anti-Azərbaycan və anti-Türkiyə olub), sosial media və mediadakı paylaşım və yazılarının təhlili göstərir ki, “Niderland Erməni Təşkilatları Federasiyası (FAON)” lobbi təşkilatı ilə sıx əməkdaşlıq çərçivəsində o da belçikalı həmkarları kimi ölkəmizə qarşı hibrid təhdid aləti kimi istifadə olunur. Niderland Parlamentin rəsmi veb-səhifəsində isə onun 2024-cü il yanvarın 28-də “Niderland Erməni Fondu”ndan iki ədəd konsert biletini hədiyyə olaraq qəbul etdiyi göstərilir.

Avropa Parlamentində (AP) aprelin 30-da qəbul edilən “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamənin təhlili də bir sıra maraqlı məqamları üzrə çıxarıb.

Qeyd olunmalıdır ki, Avropa Parlamenti 8 siyasi qrupu və müstəqilləri birləşdirən 720 deputatdan (hazırda bu rəqəm 719-dur) ibarətdir.

Adıçəkilən qətnamə ilə bağlı diqqəti çəkən ilk məqam onun layihəsinə təklif edilən dəyişikliklərin tarixi olmuşdur. Belə ki, AP-də təmsil olunan 6 siyasi qrupun hər biri öz təkliflərini ayrılıqda versələr də, tarixin qondarma erməni soyqırımının il dönümü – 24 aprel gününə təsadüf etməsi və orada AP-nin 2015-ci il 15 aprel tarixli “Erməni soyqırımının 100 illiyi” adlı qətnaməyə istinad edilməsi ortada qlobal erməni şəbəkəsinin rolu olduğuna dair şübhələri daha da artırır.

Təklifləri təqdim edən ümumilikdə 36 nəfərin kimlikləri və əlaqələri araşdırıldıqda isə demək olar ki, hamısının erməni lobbisi ilə əlaqələri və zaman-zaman ermənipərəst mövqeləri ilə çıxış etmələri müəyyən olunub.

Aprelin 28-də isə qətnamənin yekun layihəsi 5 siyasi qrupda təmsil olunan 42 nəfər tərəfindən təklif edilərək plenar iclasa təqdim olunub. Aprelin 30-da isə faktiki 719 deputatdan səsvermədə 571 nəfər iştirak edib ki, onların da 476-sı qətnamənin lehinə, 47-si əleyhinə və 48-i bitərəf qalıb. Daha sonra iki deputat da sənədin lehinə səs vermək niyyətlərini ifadə edib.

Həmin 42 nəfərin ölkə təmsilçiliyi aşağıdakı kimidir:

• Polşa – 8 nəfər;

• Belçika və Litva hər biri – 5 nəfər;

• Çexiya və Slovakiya hər biri – 3 nəfər;

• Almaniya, Niderland, Portuqaliya, İspaniya, Xorvatiya və Fransa hər biri – 2 nəfər;

• Avstriya, Bolqarıstan, Yunanıstan, İtaliya, Lüksemburq və Rumıniya hər biri – 1 nəfər.

Siyasi qruplar üzrə:

• Avropa Xalq Partiyası – 19 nəfər;

• Avropa Mühafizəkarlar və Reformistlər – 9 nəfər;

• Avropanı Yeniləyək – 8 nəfər;

• Sosialistlər və Demokratlar – 5 nəfər;

• Yaşıllar/ Avropa Azad Alyansı – 1 nəfər.

Qətnamə birbaşa Ermənistanla bağlı olsa da, layihəyə təkliflərdə ölkənin daxili siyasətini tənqid edən bütün məqamlar yekun versiyadan çıxarılmışdır.

Eyni zamanda, 6 siyasi qrup tərəfindən təklif olunan layihələrin ikisində Azərbaycanla bağlı heç bir neqativ məqam olmasa da, Solçu, Sosialistlər və Demokratlar, Avropa Xalq Partiyası və Avropa Mühafizəkarlar və Reformistlər qruplarını təmsil edən 34 deputatın təkliflərinin təhlilləri göstərir ki, orada Azərbaycanla bağlı, ölkəmizin daxili işlərinə müdaxiləni nəzərdə tutan, beynəlxalq hüququn norma və prinsiplərinə ziddi olan, bir sıra ədalətsiz, qərəzli və həddindən artıq qeyri-obyektiv ifadələrə yol verilib. Ən qatı anti-Azərbaycan təşəbbüslərlə çıxış edən parlamentarilər isə Solçu qrup adından Georgos Georgeo (Giorgos Georgiou (Kipr)) və Marina Mejur (Marina Mesure (Fransa)) olmuşlar.

Qətnamənin özündə və ona təklif edilən əlavələrdə Azərbaycan əleyhinə istifadə edilən təşəbbüslərin təhlili nəticəsində onların qlobal erməni şəbəkəsinin və ayrı-ayrı lobbi qruplarının vaxtaşırı səsləndirdikləri tezislər ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir.

Hər üç parlamentlərdə təmsil olunan şəxslərlə bağlı faktlar bir daha onların erməni lobbi şəbəkəsinin aktiv üzvləri olduqlarını, anti-Azərbaycan və anti-Türkiyə gündəliyinə uyğun koordinasiya şəklində hərəkət etdiklərini və hibrid təhdid alətləri kimi istifadə olunduqlarını deməyə əsas verir.

Bu şəbəkələrin təhlili göstərir ki, eyni təşkilatlar və fərdlər 2024-cü ildəki anti-Azərbaycan proseslərdə də oxşar “fəallıq” nümayiş etdiriblər. Onlar barədə ətraflı məlumatla Komissiyanın 2024-cü ilin dekabrında təqdim etdiyi “COP29-a qarşı hibrid hücumlar: Cəmiyyətimiz hibrid təhdidlərin qurbanı olmamalıdır!” adlı hesabatda tanış olmaq olar.

(https://meclis.gov.az/news.php?id=5851&lang=az)

Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinin həyata keçirilməsini və prosesin məntiqi sonluqla bitməsini istəməyən qüvvələr, regionda əməkdaşlıq, inkişaf və rifah mühitinə, xalqların xoşbəxt gələcəyinə qarşı çıxan müəyyən dairələr hər vəchlə iki ölkə arasında formalaşmaqda olan münasibətlərə zərbə vurmaq istəyirlər.

Komissiyanın gəldiyi qənaətə görə, Ermənistanda keçirilən “Avropa Siyasi Birliyi”nin Sammiti və Avropa İttifaqı-Ermənistan Sammiti öncəsi bu cür fəaliyyətlər məqsədyönlü şəkildə aparılır və diqqətin cəlb edilməsi hədəfini güdür.

Ermənistanın hakimiyyət dairələrinin bu proseslərlə nə dərəcədə əlaqəli olduqları da burada ciddi bir sual və şübhə mövzusudur. Hesab edirik ki, Ermənistan rəsmiləri sülh gündəliyinə xələl gətirəcək bu kimi halların qarşısını almaq üçün ciddi addımlar atmalı və ya məsələyə aydınlıq gətirməlidirlər. Əks təqdirdə, bu, sülh gündəliyinə münasibətdə qeyri-səmimi yanaşma kimi qəbul edilə bilər.

Sonda Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya xarici ölkə parlamentlərindəki deputat həmkarlarına müraciət edərək xahiş edir ki, erməni lobbisinin tezisləri və fəaliyyəti nəticəsində Ermənistan və Azərbaycan arasında mövcud olan kövrək sülh prosesinə, habelə ölkələrimiz arasında münasibətlərə xələl gətirə biləcək məsələlərlə bağlı bəzi həmkarlarının saxta və “sülhsevər” təşəbbüslərinə dəstək verməsinlər.