İran danışıqlar masasına qayıtmalı və nüvə silahı əldə etmək cəhdlərindən imtina etməlidir.
Trend xəbər verir ki, bunu Almaniyanın kansleri Fridrix Merts rəsmi “X” səhifəsində bildirib.
“Tehran danışıqlar masasına qayıtmalı və regionu, eləcə də bütün dünyanı əsir vəziyyətində saxlamağa son qoymalıdır: Hörmüz boğazının blokadası dayandırılmalıdır. Tehran nüvə silahı əldə etməməlidir”, — deyə Merts yazıb.
O, həmçinin vurğulayıb ki, İran “əlavə təhdidlərdən” və Avropanın tərəfdaşlarına hücumlardan imtina etməlidir.
Mayın əvvəlində ABŞ Prezidenti Donald Tramp Almaniyadan 5 min amerikalı hərbçinin çıxarılması barədə göstəriş verib. Pentaqonun açıqlamasına görə, qərar ABŞ-nin Avropadakı qüvvələrinin yerləşdirilməsinin “ətraflı təhlili” əsasında qəbul olunub. Lakin Amerika KİV-ləri bu addımı Avropa müttəfiqləri ilə münasibətlərin soyuması və qüvvələrin bir hissəsinin Hind-Sakit okean regionuna köçürülməsi ilə əlaqələndiriblər.