Müasir beynəlxalq münasibətlər sistemində regional əməkdaşlıq platformalarının rolu getdikcə artır. Qlobal geosiyasi transformasiyalar, yeni iqtisadi və nəqliyyat marşrutlarının formalaşması, enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması, eləcə də çoxtərəfli əməkdaşlıq mexanizmlərinə artan tələbat regional təşkilatların strateji əhəmiyyətini daha da yüksəldir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı (TDT) son illərdə Avrasiya məkanında siyasi, iqtisadi və geostrateji təsir imkanlarını sürətlə artıran mühüm beynəlxalq platformalardan birinə çevrilib.
Türk dövlətləri arasında ortaq tarixi, etnik, mədəni və mənəvi bağlılıq üzərində formalaşan əməkdaşlıq artıq keyfiyyətcə yeni mərhələyə daxil olub. Əgər əvvəlki dövrlərdə münasibətlərin əsasını daha çox mədəni-humanitar əlaqələr təşkil edirdisə, bu gün TDT siyasi koordinasiya, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, rəqəmsal transformasiya və regional təhlükəsizlik məsələlərini özündə birləşdirən çoxtərəfli strateji əməkdaşlıq platforması kimi çıxış edir. Xüsusilə Orta Dəhlizin artan geoiqtisadi əhəmiyyəti təşkilatın beynəlxalq münasibətlər sistemində rolunu daha da gücləndirir.
Bu prosesdə Azərbaycanın rolu xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Türk dünyasının inteqrasiyası istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Azərbaycanın təşəbbüsləri, irəli sürdüyü regional layihələr və təşkilat daxilində fəal diplomatik fəaliyyəti TDT-nin institusional inkişafına, əməkdaşlıq mexanizmlərinin genişlənməsinə və Türk dünyasında siyasi həmrəyliyin güclənməsinə mühüm töhfə verir.
AZƏRTAC Türk Dövlətləri Təşkilatının Zirvə görüşlərinin əhəmiyyətini, qurumun regionun və dünyanın təhlükəsizliyindəki rolunu, Azərbaycanın təşkilatdakı aparıcı və təşəbbüskar mövqeyini, həmçinin TDT-nin gələcək inkişaf istiqamətlərini geniş şəkildə təhlil edir.
TDT yeni geosiyasi reallıqlar fonunda
Türk Dövlətləri Təşkilatının əsası isə 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilmiş Zirvə görüşündə qoyulub. Azərbaycan Prezidenti İlham Əliyevin ev sahibliyi etdiyi toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan liderləri tərəfindən “Naxçıvan Sazişi” imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılıb. Sonrakı dövrdə təşkilatın institusional inkişafı genişlənib, əməkdaşlıq mexanizmləri möhkəmlənib və 2021-ci ildə İstanbul Zirvə görüşündə qurumun adı rəsmi olaraq Türk Dövlətləri Təşkilatı ilə əvəz olunub.
“Naxçıvan Sazişi” Türk dünyasının inteqrasiyası baxımından tarixi sənəd hesab olunur. Saziş siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat-kommunikasiya əlaqələri, enerji təhlükəsizliyi, təhsil, elm və mədəniyyət sahələrində əlaqələrin inkişafını nəzərdə tutur. Bununla türk dövlətləri arasında münasibətlər ilk dəfə vahid beynəlxalq institut çərçivəsində sistemli xarakter alıb.
Naxçıvan Sazişindən sonra Türk Dövlətləri Təşkilatı tədricən regional əməkdaşlıq platformasından daha geniş geosiyasi və geoiqtisadi əhəmiyyətə malik beynəlxalq quruma çevrilməyə başlayıb. Xüsusilə son illərdə dünya siyasətində baş verən dəyişikliklər, Avrasiyada nəqliyyat marşrutlarının yenidən formalaşması, enerji bazarlarında transformasiya prosesləri və Orta Dəhlizin strateji əhəmiyyətinin artması türk dövlətləri arasında koordinasiyanı daha da vacib edib. Bu gün Türk dünyası yalnız ortaq tarixi və mədəni bağlılıqlarla deyil, həm də ortaq iqtisadi maraqlar, təhlükəsizlik çağırışları və strateji hədəflərlə birləşir. Xəzər hövzəsi, Mərkəzi Asiya və Cənubi Qafqaz arasında formalaşan yeni əməkdaşlıq modeli isə TDT-ni beynəlxalq münasibətlər sistemində təsir imkanları artan mühüm siyasi platformalardan birinə çevirir.
Türk dünyasının inteqrasiyasında yeni mərhələ
Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşləri formatının ilk dəfə Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirilməsi TDT daxilində yeni siyasi dialoq mexanizminin formalaşması baxımından mühüm mərhələ kimi qiymətləndirilir. 2024-cü ilin iyulunda Qarabağda təşkil olunmuş ilk qeyri-rəsmi Zirvə görüşü Türk dünyasında siyasi həmrəyliyin və strateji koordinasiyanın gücləndiyini nümayiş etdirmişdi. Qarabağ Bəyannaməsinin qəbul edilməsi isə təşkilat daxilində ortaq siyasi baxışın formalaşması istiqamətində mühüm addım hesab olunurdu. Bu baxımdan Türk Dövlətləri Təşkilatının növbəti qeyri-rəsmi Zirvə görüşünün Azərbaycanda, qədim tarixə və zəngin mədəni irsə malik Qəbələ şəhərində keçirilməsi xüsusi siyasi və simvolik məna daşıyır. Qəbələ Zirvə görüşü Türk dünyasının həm siyasi yaxınlaşmasının, həm də ortaq strateji baxışının növbəti təsdiqi kimi qiymətləndirilir. Zirvə görüşü çərçivəsində üzv dövlətlər arasında iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat-kommunikasiya layihələrinin inkişafı, rəqəmsal transformasiya, yaşıl enerji və humanitar əməkdaşlıq məsələləri geniş müzakirə olundu.
Müasir mərhələdə TDT qarşısında duran əsas vəzifələrdən biri təşkilat daxilində praktiki əməkdaşlıq mexanizmlərinin daha da gücləndirilməsidir. Bu baxımdan Qəbələ Zirvə görüşü yalnız siyasi bəyanatların verildiyi platforma deyil, həm də konkret layihələrin, yeni təşəbbüslərin və ortaq strateji qərarların müzakirə olunduğu mühüm siyasi format kimi çıxış edir. Qəbələnin Zirvə görüşünə ev sahibliyi etməsi Azərbaycanın bölgələrində beynəlxalq siyasi tədbirlərin keçirilməsi ənənəsinin davamı kimi də diqqət çəkir. Son illərdə ölkəmizdə müxtəlif beynəlxalq forumların, sammitlərin və yüksəksəviyyəli siyasi platformaların təşkili Azərbaycanın regional diplomatiya mərkəzi kimi mövqeyini daha da gücləndirib. Bu, eyni zamanda, türk dövlətləri arasında həmrəyliyin və qarşılıqlı siyasi dəstəyin praktik müstəvidə daha da möhkəmləndiyini göstərir.
Mayın 15-də Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi nəzərdə tutulur. Zirvə çərçivəsində üzv dövlətlər arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq və regional layihələrin genişləndirilməsi məsələlərinin müzakirəsi planlaşdırılır. Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə tədbirdə iştirak etmək üçün bu gün Türküstana işgüzar səfərə gedib. Türküstanda keçiriləcək bu görüş TDT daxilində ortaq prioritetlərin daha da irəlilədilməsi üçün mühüm imkan kimi qiymətləndirilir. Gözlənilir ki, Zirvə görüşü üzv dövlətlər arasında konsensusun möhkəmləndirilməsinə töhfə verəcək, həmçinin Türküstan Bəyannaməsinin və qarşılıqlı maraq doğuran əsas sahələr üzrə əməkdaşlığın gücləndirilməsinə dair digər sənədlərin qəbul olunması ilə nəticələnəcək.
Azərbaycanın sədrliyi TDT-nin institusional inkişafına yeni dinamika qazandırır
Azərbaycan Türk Dövlətləri Təşkilatında hər zaman fəal və təşəbbüskar mövqeyi ilə seçilib. Prezident İlham Əliyevin Türk dünyasının birliyi və inteqrasiyası ilə bağlı irəli sürdüyü təşəbbüslər təşkilat daxilində yüksək qiymətləndirilir. Azərbaycanın TDT-yə sədrliyi dövründə təşkilatın institusional inkişafı, əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi və praktiki layihələrin həyata keçirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu dövrdə təşkilat daxilində siyasi dialoqun intensivləşməsi, iqtisadi inteqrasiyanın sürətlənməsi və ortaq strateji gündəliyin formalaşdırılması diqqət çəkən əsas məqamlardan olub.
Azərbaycanın sədrliyi dövründə nəqliyyat və logistika sahəsində əməkdaşlıq xüsusi diqqət mərkəzində saxlanılıb. Orta Dəhlizin inkişafı, Xəzər üzərindən yükdaşımaların artırılması, tranzit və logistika imkanlarının genişləndirilməsi türk dövlətlərinin iqtisadi əlaqələrinin güclənməsinə mühüm töhfə verir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər iri infrastruktur layihələri Türk dünyasının geoiqtisadi inteqrasiyasını gücləndirən əsas platformalardan biri kimi qiymətləndirilir.
Enerji sahəsində əməkdaşlıq da TDT çərçivəsində prioritet istiqamətlər sırasında yer alır. Azərbaycan zəngin enerji resursları, geniş ixrac marşrutları və enerji diplomatiyası ilə regionun enerji təhlükəsizliyində mühüm rol oynayır. Bununla yanaşı, yaşıl enerji gündəliyi və bərpaolunan enerji sahəsində əməkdaşlıq türk dövlətləri arasında yeni strateji istiqamətlərdən biri kimi ön plana çıxır. Xəzər regionunun yaşıl enerji potensialı bu baxımdan TDT daxilində yeni əməkdaşlıq imkanları yaradır.
Azərbaycanın sədrliyi dövründə humanitar və mədəni əməkdaşlığın genişləndirilməsinə də xüsusi önəm verilib. Türk xalqlarının ortaq tarixi-mədəni irsinin qorunması, təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi, gənclər və media platformalarının inkişafı təşkilatın humanitar gündəliyində mühüm yer tutur. Eyni zamanda, ortaq media məkanının formalaşdırılması, informasiya əməkdaşlığının genişləndirilməsi və Türk dünyasının beynəlxalq informasiya müstəvisində daha fəal təmsil olunması TDT çərçivəsində əməkdaşlığın vacib istiqamətlərindən biri kimi qiymətləndirilir.
Türk dünyası qlobal proseslərin mühüm iştirakçısına çevrilir
Hazırda türk dövlətləri geniş coğrafiyanı, böyük iqtisadi potensialı, zəngin enerji resurslarını və strateji tranzit imkanlarını özündə birləşdirən mühüm geosiyasi məkan kimi çıxış edir. Bu amillər Türk Dövlətləri Təşkilatını (TDT) beynəlxalq münasibətlər sistemində artan təsir imkanlarına malik çoxtərəfli əməkdaşlıq platformasına çevirir.
Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşməsi, ticarət dövriyyəsinin artması, birgə investisiya təşəbbüslərinin genişlənməsi və nəqliyyat-logistika layihələrinin reallaşdırılması təşkilatın institusional dayanıqlığını və strateji perspektivlərini daha da gücləndirir. Xüsusilə Orta Dəhliz üzrə əməkdaşlığın genişlənməsi Türk dünyasının qlobal ticarət və enerji marşrutlarında rolunu əhəmiyyətli dərəcədə artırır.
Müasir beynəlxalq sistemdə müşahidə olunan mürəkkəb geosiyasi proseslər fonunda ortaq yanaşmaların formalaşdırılması və koordinasiyalı fəaliyyətin təmin olunması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan TDT yalnız regional əməkdaşlıq platforması deyil, eyni zamanda, beynəlxalq gündəliyin formalaşmasına təsir göstərən strateji siyasi institut kimi çıxış edir.
Azərbaycan bu prosesdə həm geostrateji mövqeyi, həm də təşəbbüskar diplomatik fəaliyyəti ilə Türk dünyasının əsas birləşdirici aktorlarından biri kimi çıxış edir. Qəbələ Zirvə görüşü və Azərbaycanın TDT çərçivəsində fəal sədrliyi bir daha göstərir ki, Türk dünyasında inteqrasiya prosesi artıq yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Bu gün Türk Dövlətləri Təşkilatı ortaq tarixi və mədəni bağlara əsaslanan platformadan daha geniş siyasi, iqtisadi və təhlükəsizlik gündəliyinə malik strateji əməkdaşlıq məkanına transformasiya olunmaqdadır. Azərbaycanın həyata keçirdiyi ardıcıl siyasət isə bu birliyin möhkəmlənməsinə, türk dövlətləri arasında həmrəyliyin və qarşılıqlı etimadın daha da güclənməsinə mühüm töhfə verir.