Qırx dörd günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıq təkcə otuzillik işğalın sona çatması deyil, həm də Avrasiya məkanında yeni siyasi və təhlükəsizlik arxitekturasının yaranmasının göstəricisidir.
Bunu AZƏRTAC-a açıqlamasında Türkiyənin siyasi eksperti, “Global Savunma” jurnalının xarici xəbərlər şöbəsinin müdiri, Umut Berhan Şen bildirib
Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi fikirlər Azərbaycanın regionun gələcəyi ilə bağlı qətiyyətli mövqeyini nümayiş etdirməklə yanaşı, xarici güclərin Cənubi Qafqaz üzərindəki təsir cəhdlərinə qarşı açıq siyasi mesaj idi.
“Bu gün Cənubi Qafqaz artıq yalnız qlobal güclərin rəqabət meydanı deyil. Region getdikcə daha çox regional sahiblik prinsipinin formalaşdığı siyasi məkan kimi çıxış edir. Lakin bəzi Qərb dairələri hələ də bölgəyə öz geosiyasi maraqları prizmasından yanaşmağa çalışırlar. Fransanın Ermənistan üzərindən bölgədə təsir imkanlarını genişləndirməyə çalışması müasir neokolonial siyasətin nümunəsi kimi qiymətləndirilə bilər. Fransa Afrika və Yaxın Şərqdə zəifləyən təsir imkanlarından sonra diqqətini Cənubi Qafqaza yönəldib. Parisin Ermənistan siyasəti humanitar və ya təhlükəsizlik motivləri ilə deyil, daha çox bölgənin təhlükəsizlik arxitekturasına daxil olmaq və Türkiyə-Azərbaycan tandeminin yaratdığı yeni güc balansına müdaxilə etmək niyyəti ilə izah oluna bilər. Azərbaycan tərəfinin Fransanı neokolonial təsir siyasəti yürütməkdə ittiham etməsi bu baxımdan tam əsaslıdır”, - deyə ekspert bildirib.
Umut Berhan Şen qeyd edib ki, Fransa bölgədə sülhə töhfə vermək əvəzinə Ermənistanı silahlandırmaqla və revanşist meyilləri stimullaşdırmaqla “dondurulmuş gərginlik” mühiti yaratmağa çalışır. O bildirib ki, Avropa İttifaqının müşahidə missiyasının fəaliyyəti ilə bağlı Bakının səsləndirdiyi narahatlıqlar da təsadüfi deyil.
“Missiyanın fəaliyyəti tərəflər arasında etimad yaratmaqdan daha çox, Ermənistanda süni təhlükəsizlik hissi formalaşdırır və sülh sazişinin imzalanmasını ləngidən amillərdən birinə çevrilir. Bu proseslər fonunda Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı regionun əsas siyasi və təhlükəsizlik dayağı kimi çıxış edir. 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradı və daha sonra imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə ittifaqının yeni mərhələyə keçdiyini göstərdi. Bu əməkdaşlıq təkcə hərbi müttəfiqlik deyil, həm də regionun gələcəyini müəyyən edən siyasi platformadır. Bakı və Ankara bölgəyə kənardan müdaxilələri qəbul etməyən, regional maraqlara əsaslanan yeni siyasi gündəm formalaşdırıblar. Həmin gündəliyin əsas prinsiplərindən biri “regional sahiblik” yanaşmasıdır. Bu prinsipə əsasən, Cənubi Qafqazdakı problemlər region dövlətləri və qonşu ölkələr tərəfindən həll olunmalıdır. 3+3 regional əməkdaşlıq formatının təşviqi də məhz bu yanaşmanın praktiki ifadəsidir. Bu model Paris və ya Brüsseldən idarə olunan yanaşmalara alternativ olaraq region dövlətlərinin öz təhlükəsizlik və əməkdaşlıq mexanizmlərini formalaşdırmasını nəzərdə tutur”, - deyə ekspert vurğulayıb.
Umut Berhan Şen bildirib ki, Cənubi Qafqazın gələcək təhlükəsizlik sistemi artıq yalnız hərbi amillər üzərində deyil, nəqliyyat, logistika və iqtisadi inteqrasiya üzərində qurulur.
“Zəngəzur dəhlizi məsələsi bu baxımdan strateji əhəmiyyət daşıyır. Bu layihə, sadəcə, nəqliyyat xətti deyil, regionda uzunmüddətli sülhün və iqtisadi inteqrasiyanın əsas təminatlarından biridir. Orta Dəhlizin mühüm hissəsi olan Zəngəzur dəhlizi Azərbaycan və Türkiyənin koordinasiyalı siyasəti nəticəsində regionu beynəlxalq logistika mərkəzinə çevirə bilər. Region ölkələri arasında iqtisadi bağlılığın artması qarşıdurma risklərini azaldır və davamlı sabitlik üçün zəmin yaradır. Fransa kimi aktorların bu proseslərə müqavimət göstərməsi, əslində regionun müstəqil və inteqrasiya olunmuş şəkildə inkişaf etməsindən narahat olmaları ilə bağlıdır. Qırx dörd günlük müharibədən sonra yaranan yeni reallıq artıq geri dönüşü olmayan siyasi mərhələdir. Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi yalnız işğalın sona çatması deyil, eyni zamanda, bölgədə xarici təsir və geosiyasi himayədarlıq mexanizmlərinin zəifləməsi deməkdir”, - deyə Umut Berhan Şen vurğulayıb.
Ekspert bildirib ki, Ermənistanın qarşısında iki seçim var: ya xarici güclərin təsiri altında qalaraq gərginlik siyasətini davam etdirmək, ya da Azərbaycanın, Türkiyənin təklif etdiyi normallaşma və əməkdaşlıq modelinə qoşulmaq.
“Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturası artıq regiondan kənarda hazırlanmış siyasi ssenarilər üzərində deyil, regionda yaranmış yeni reallıqlar və regional əməkdaşlıq əsasında formalaşır. Bu prosesin əsas aparıcı qüvvəsi isə Azərbaycan-Türkiyə tandemidir”, – deyə siyasi ekspert əlavə edib.