Misir, Türkiyə, Sudan XİN başçıları və ABŞ Prezidentinin müşaviri arasında görüş olacaq

İyunun 20-də Misirin əl-Aləmeyn şəhərində Misir xarici işlər naziri Bədr Əbdülati, ABŞ Prezidentinin müşaviri Massad Bulos, Sudan xarici işlər naziri Muhyiddin Salim və Türkiyə XİN başçısı Hakan Fidan arasında dördtərəfli görüş keçiriləcək.

AZƏRTAC “əl-Yaum əs-Sabii” nəşrinə istinadla xəbər verir ki, görüşdə regiondakı böhranların, o cümlədən Sudan probleminin həlli yolları əsas müzakirə mövzusu olacaq.

Qeyd olunur ki, Misir tərəfi qonşusu Sudanda ordu ilə Çevik Dəstək qüvvələri arasında gedən müharibədə humanitar atəşkəsə, eləcə də problemin sülh yolu ilə həllinə nail olmaq üçün səylərini artırıb.

Son günlər Sudanda tərəflər arasında gərginlik yenidən pik həddə çatıb. Mərkəzi hakimiyyətə müxalif olan Çevik Dəstək qüvvələrinin Şimali Kordofan vilayətinin mərkəzi olan Ubayyad şəhərinə PUA-larla hücumları nəticəsində onlarla mülki şəxs ölüb, mülki infrastruktura ciddi ziyan dəyib.