Keçmişin izi silinmir, herr Şvabe

Ermənistanda keçirilən son parlament seçkilərində baş verən total qanun pozuntularından, siyasi hakimiyyətin rəqiblərinə qarşı repressiyaları gücləndirməsindən sonra Azərbaycana qarşı təxribat məzhəkələrinin daimi iştirakçılarından olan Frank Şvabenin Azərbaycanın əraz bütövlüyünün və suverenliyinin bərpa edilməsi faktı ilə heç cür barışa bilməyən AŞPA-nın kürsüsündən yenidən qərəz püskürməsi, şübhəsiz ki təsadüfi deyil. Əks halda, AŞPA-nın siyasi gündəmini Ermənistanda keçirilən seçkilər zamanı baş verən total pozuntular, siyasi azadlıqların məhdudlaşdırılması istiqamətində həyata keçirilən repressiv təqib və təzyiqlər zəbt etməliydi. Lakin bu barədə məlum olduğu kimi bircə kəlmə də danışılmadı və AŞPA-nın anti-Azərbaycan “koalisiyası”nın başbilənləri diqqəti Ermənistanda insan hüquq və azadlıqlarının bütün fundamental prinsiplərinin pozulması ilə bağlı real faktlardan yayındırmaq üçün əsassız, təsdiqini tapmamış, dedi-qodu və şaiyələrə əsaslanan ucuz iddialarla ölkəmizi hədəfə almağı çıxış yolu seçdilər. Ermənistanda seçkilər zamanı 760 müxalifət nümayəndəsinin saxlanılması, onların 210 nəfərinə qarşı ən müxtəlif ittihamlarla cinayət işinin açılması, seçkidən öncə və seçki dövründə müxalifəti təmsil edən 8 deputatlığa namizədin həbs olunması və bu prosesin az qala hər gün davam etməsi, nədənsə Avropa Şurası Parlament Assambleyasını və AŞPA-nın kölgə idarəçilərinin “sözçü”sü Frank Şvabeni əsla narahat etmir. Ermənistanda, az qala bütün müxalifət liderlərinə qarşı cinayət işinin açılması, bəzilərinin isə ev dustağı edilməsi, ölkədən çıxışlarına qadağa qoyulması da həmçinin... yadlarına belə düşmür.

Amma Azərbaycanda uzun illərdən bəri ən müxtəlif xarici qrupların, o cümlədən dövlətimizin konstitusion quruluşuna qənim kəsilənlərin nüfuz müvəkkili missiyasını yerinə yetirən, 30 ilə yaxın bir zaman kəsiyində ölkənin siyasi münasibətlər sistemində bölücülük missiyasını icra edən, təpədən-dırnağa ifşa olunmuş Əli Kərimli ətrafında növbəti dəfə şou yaratmağa cəhd göstərməyi əsla unutmurlar.

Şübhəsiz ki, bütün bunlar son vaxtlar bəzi Avropa təsisatlarının, o cümlədən AŞPA-nın Azərbaycana qarşı həyata keçirdiyi intensiv böhtan, qarayaxma və qərəz kampaniyalarının davamıdır və sistemli xarakter daşıdığı əsla şübhə doğurmur. Məqsəd, daha öncə də qeyd etdiyim kimi, diqqətin Ermənistanda baş verən kobud hüquq pozuntularından yayındırmaq, həmçinin regiona, bölgənin əsas güc mərkəzi olan Azərbaycana qarşı təzyiq tutarğacları yaratmaqla, bölgədəki reallıqların dəyişdirilməsinə cəhd göstərməkdən ibarətdir. Bunu bacarmadıqları üçün isə daha çox qəzəblənir, siyasi isterikanın dibinə yuvarlanırlar.

Ən böyük paradoks ondan ibarətdir ki, bu gün növbəti “insan haqları” nağılını uyduran Frank Şvabe Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında saxlanılması, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, şəhər və kəndlərin yerlə-yeksan edilməsi, məscidlərin təhqir olunması, qəbiristanlıqların dağıdılması barədə faktiki olaraq heç vaxt mövqe etdirməyib, əksinə təcavüzkarların, müharibə canilərinin yanında yer alıb.

Otuz il ərzində Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində öz doğma yurdlarından qovulmuş azərbaycanlıların qayıdış hüququ barədə bir dəfə də olsun danışmayan şəxsin bu gün "insan hüquqları" barədə mühazirə oxumağa çalışması isə, ən yaxşı halda siyasi riyakarlıq hesab oluna bilər.

Frank Şvabe uzun illərdir erməni siyasi dairələrinin və diaspor təşkilatlarının mövqelərinə uyğun bəyanatlarla çıxış edir. Almaniya Bundestaqında qondarma "erməni soyqırımı" iddialarının təşviqçilərindən biri kimi tanınan bu şəxsin Azərbaycana münasibətdə obyektiv olacağını gözləmək isə, şübhəsiz ki, sadəlövhlük olardı.

O, artıq çoxdan Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan fəaliyyətinin simvollarından birinə çevrilib.

Frank Şvabe ilə bağlı diqqət çəkən məqamlardan biri isə onun uzun müddət Rusiya nümayəndə heyətinin AŞPA-ya qaytarılmasının tərəfdarlarından biri olmasıdır. O, bunun üçün hətta Moskvaya bir neçə dəfə səfər edib və bu istiqamətdə fəal təşəbbüslər göstərib.

Maraqlıdır, Krımın ilhaqından sonra belə, Rusiyaya münasibətdə kompromis və dialoq tərəfdarı kimi çıxış edən şəxs niyə bəs Azərbaycana münasibətdə maksimum sərtlik və aqressiya nümayiş etdirir? Zənnimcə, bu qəbildən olan davranışlara dəyişən korporativ və siyasi qrup maraqları kontekstindən yanaşmaq daha doğru olar. Şvabenin təmsil etdiyi Sosial Demokrat Partiyasının liderlərindən olan Gerhard Şröderin vəzifəsindən ayrıldıqdan sonra “Şimal axını” və “Şimal axını-2” şirkətlərinin səhmdarlar komitələrinə rəhbərlik etməsi, həmçinin Rosneft şirkətinin direktorlar şurasında təmsil olunması, zənnimcə alman sosial-demokratlarının, o cümlədən Şröderin, 2000-ci illərdən başlayaraq, hansısa səbəblərdən keçmişi unutdurmaq üçün aşırı canfəşanlıq etdiklərinin səbəblərini müəyyənləşdirmək mümkündür. Qeyd edim ki, Şvabenin partiyadaşı və onunla yaxın münasibətlərdə olan Almaniyanın Meklenburq–Ön Pomeraniya əyalətinin baş naziri Manuela Şveziqin “Şimal Axını–2” qaz kəməri layihəsinin tamamlanmasının ən fəal tərəfdarları sırasında yer alması da qatı anti-Azərbaycançının Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan və istisadi münasibətlərdən siyasi məqsədlər üçün yararlanmayan, bu səbəbdən də yüksək etimad qazanmış ölkəmizə qarşı nədən bu qədər aqressiv olduğunu müəyyən etmək üçün ciddi əsaslar yaradır. Görünür bir müddət siyasi “şvabra” (döşəmə silgəri) funksiyasını yerinə yetirən Şvabe və idarəçiləri gerçəkləşdiməyə çalışdıqları “mürəkkəb” siyasi gedişlərlə keçmişlərinin qaranlıq izlərini silməyə çalışırlar.

Şübhəsiz ki, keçmişin cinayətləri zamanın dərinliyində gizlənə bilər, lakin onların izi heç vaxt itmir. Çünki tarix unudanların deyil, xatırlayanların və xatırlatmağı bacaranların tərəfindədir.