Rusiya Prezidenti Vladimir Putin "Vesti" telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində Ankoricdə Ukrayna münaqişəsinin nizamlanması imkanlarının müzakirə olunduğunu, lakin heç bir sənədin imzalanmadığını bildirib.
AZƏRTAC xəbər verir ki, Putinin sözlərinə görə, Ankoricdə ABŞ nümayəndələri Rusiya tərəfinə hazırladıqları təklifləri təqdim ediblər. Rusiya Prezidenti həmin təkliflər əsasında kompromislərə getməyə hazır olduqlarını iddia edib.
Putin bildirib ki, Ankoricdə hər hansı razılaşma əldə olunmayıb. Bununla yanaşı, o, Rusiyanın ABŞ ilə həmin görüşdə müzakirə olunan bütün məsələlər və variantlar üzrə dialoqu davam etdirməyə hazır olduğunu qeyd edib.
Rusiya Prezidenti, həmçinin İran ətrafında baş verən hadisələrin "qaynar mərhələsi" başa çatdıqdan sonra ABŞ nümayəndələrinin Rusiyaya səfərinin gözlənildiyini bildirib.
Putin Belarus Prezidenti Aleksandr Lukaşenkoya Ukrayna ilə bağlı humanitar məsələlərdə, o cümlədən əsir mübadiləsinin təşkili istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib. Onun sözlərinə görə, Lukaşenko Ukrayna münaqişəsinin sülh yolu ilə həllini dəstəkləməyə hazırdır və Kiyevin bəyanatları onda narahatlıq yaratmır.