Xarici ölkələrin səfirlikləri Tehranda normal fəaliyyətini davam etdirir – İran XİN

Xarici ölkələrin, xüsusilə Avropa ölkələrinin Tehrandakı səfirlikləri fəaliyyətlərini normal şəkildə davam etdirir.

Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqai bu gün (27 iyul) Tehranda keçirilən mətbuat konfransında deyib.

“Bəzi ölkələrin Tehrandakı səfirliklərinin fəaliyyəti haqqında şayiələr irəli sürülsə də, sonrada həmin ölkələr səfirliklərin fəaliyyəti ilə əlaqədar şayiələri təkzib ediblər. Hazırda yay ayları olduğuna görə, səfirliklərin diplomatlarının gediş-gəlişi normal hal kimi qəbul olunur”, - deyə o qeyd edib.

 

Bəqai bildirib ki, ötən gün Fransanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağrılıb və ona nota verilib. Fransa tərəfi diplomatik xidmət adı altında diplomatik əlaqələr haqqında konvensiya ilə əsaslandırmayacaq addımlar atıb.

“Ötən gün Fransa səfirinə bildirilib ki, Fransa hökuməti “insan haqları səviyyəsinin yüksəldilməsi” və ya “ictimaiyyətə dəstək” kimi aldadıcı adlar altında İranın daxili məsələlərində belə addımlar atmaqdan əl çəksin”, - deyə o qeyd edib.

Qeyd edək ki, son günlər regionda davam edən eskalasiya çərçivəsində İranda bəzi səfirliklərin fəaliyyətini dayandırması və ya məhdudlaşdırması ilə əlaqədar məlumatlar yayılıb.