Avstriya hakimiyyəti ABŞ-nin tələbi ilə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslaminin ölkəyə girişinə icazə verməyib. Bu səbəbdən o, İranın nüvə proqramına dair Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş Konfransında çıxış edə bilməyəcək.
Bu barədə Bloomberg məlumat yayıb.
Mənbənin məlumatına görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) Eslamiyə qarşı tətbiq olunan sanksiyaların müvəqqəti dayandırılmasını xahiş edib ki, bu da ona Avstriyaya daxil olaraq MAQATE konfransında çıxış etməyə imkan verə bilərdi. Lakin ABŞ hakimiyyəti İran nümayəndəsinə qarşı hər hansı məhdudiyyətin aradan qaldırılmamasında israr edib və bunun nəticəsində onun ölkəyə girişinə icazə verilmədiyi bildirilir. İclasda daha aşağı vəzifəli iranlı məmurun çıxış etməyə məcbur qalacağı iddia edilir.
Bloomberg vurğulayır ki, ABŞ energetika naziri Kris Rayt iclasda çıxış edərək Tehranın MAQATE ilə əməkdaşlıq etməsinin və nüvə silahı əldə etmək cəhdindən tamamilə imtina etməsinin zəruriliyinə dair xəbərdarlıq etməyi planlaşdırır. Gözlənilir ki, Rayt çıxışında ABŞ-nin “ən yüksək beynəlxalq təhlükəsizlik, mühafizə və nüvə silahlarının yayılmaması standartlarına cavab verməsini” və nüvə texnologiyalarının inkişafı sahəsində liderliyini vurğulayacaq.
MAQATE Baş Konfransının 70-ci sessiyası sentyabrın 14-dən 18-dək Avstriyanın paytaxtı Vyanada keçiriləcək.