ABŞ Mahmud Abbasa viza verməkdən imtina edib

ABŞ ardıcıl ikinci ildir ki, gələn həftə BMT Baş Assambleyasında iştirak etmək üçün Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbasa viza verməkdən imtina edib. Buna səbəb kimi islahatların həyata keçirilməməsi göstərilib.

Bu barədə məsələ ilə tanış mənbəyə istinadən məlumat yayılıb.

ABŞ Dövlət Departamenti bəyanatında bildirib: “ABŞ qarşısında götürdükləri öhdəliklərə uyğun olaraq islahatları həyata keçirə bilməmələri və sülh perspektivlərini təhlükə altına qoyan fəaliyyətlərini davam etdirmələri səbəbindən ABŞ Fələstin Azadlıq Təşkilatının (FAT) üzvlərinə və Fələstin Muxtariyyətinin rəsmilərinə viza verilməsini qadağan edən sanksiyaları uzadacaq”.

Məsələ ilə tanış mənbə AFP-yə Fələstin Muxtariyyətinin prezidentinin də bu qərarın əhatə dairəsinə daxil olduğunu təsdiqləyib.

 

Ötən il də Tramp administrasiyası eyni addımı atmışdı və bununla da BMT Baş Assambleyasının daimi iştirakçılarından olan Fələstin lideri tədbirdə videokonfrans vasitəsilə çıxış etməyə məcbur olmuşdu. Vaşinqton onu “Yaxın Şərqdə sülh naminə götürdüyü öhdəliklərə əməl etməməkdə”, habelə “İsrail-Fələstin münaqişəsini beynəlmiləlləşdirməyə, xüsusilə də Beynəlxalq Cinayət Məhkəməsi (BCM) və Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) vasitəsilə” yönəlmiş və “sülh perspektivlərini sarsıdan” addımlar atmaqda ittiham edir.

ABŞ həmçinin Fələstin Muxtariyyətini “birtərəfli tanınma üçün müraciət etməklə danışıqlardan yan keçməyə çalışmaqda, terrorçulara müavinət ödəməyə davam etməkdə, habelə ictimai bəyanatlarda və məktəb dərsliklərində terror aktlarını və terrorçuları tərifləməkdə” ittiham edir.

Bununla ABŞ, Fransa da daxil olmaqla, ötən il BMT-də Fələstin dövlətinin mövcudluğunu tanıyan bir sıra ölkələrin mövqeyindən fərqli mövqe nümayiş etdirir. Ümumilikdə, Fransa və Səudiyyə Ərəbistanının həmsədrlik etdiyi iki dövlətli həllə dair konfransın yekununda BMT-yə üzv 142 dövlət bu təşəbbüsü dəstəkləmişdi.