“Qərarı vermək ABŞ-nin işidir” – Pezeşkian müharibənin başa çatdırılması ilə bağlı

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, müharibəni dayandırmaq istəyib-istəməməsinə ABŞ qərar verməlidir. O, müharibəni İranın başlamadığını vurğulayıb.

“Bu münaqişəni başa çatdırmaq istəyib-istəməməsinə Amerika qərar verməlidir”, - deyə İran prezidenti Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında iştirakı çərçivəsində ABŞ-nin “Fox News” telekanalına müsahibəsində bildirib.

İran prezidenti, həmçinin İran İslam Respublikasının müharibə istəmədiyini, lakin “özünü müdafiə etməkdə qərarlı olduğunu” bildirib.

“Biz heç vaxt müharibəyə başlamamışıq, lakin onlar bizə qarşı mübarizəni davam etdirmək istəyirlərsə, biz güclə və qətiyyətlə cavab verəcəyik”, - deyə İran prezidenti bildirib. O, “bizi beynəlxalq hüququn hər hansı hüquqi çərçivəsindən kənarda təslim olmağa məcbur etməyə yönəlmiş” “təzyiqlərdən” təəssüfləndiyini və bunun “mümkünsüz” olduğunu vurğulayıb.

Məsud Pezeşkian xatırladıb ki, Vaşinqton və Tehran ötən ilin iyununda prinsipial razılaşma əldə edib.

“Bu razılaşma imzalanıb və biz bunun əsasında irəliləməyə hazırıq və hələ də bunu istəyirik”, - deyə o bildirib.

 

Dövlət başçısı ABŞ-də keçiriləcək aralıq seçkilərinin də heç nəyi dəyişmədiyini deyib: “Biz bunu nəzərə almırıq”. O, bununla ABŞ Prezidenti Donald Trampın iranlıların razılaşma əldə etməzdən əvvəl həmin seçkiləri gözlədikləri barədə fikrinə münasibət bildirib.

ABŞ və İsrail ötən ilin fevralında İrana hücum edib. Buna cavab olaraq İran dünya neft axınının böyük hissəsinin keçdiyi strateji əhəmiyyətli Hörmüz boğazını bloklayıb.

İran prezidenti, həmçinin İranın Ali Rəhbəri Müctəba Xameneini sonuncu dəfə təxminən bir ay əvvəl, “yeddi saat” ərzində gördüyünü bildirib. Onun səhhətinin yaxşı olub-olmadığı barədə suala İran prezidenti “Tamamilə” cavabını verib.

Nüvə məsələsi ilə bağlı İran prezidenti ölkənin 20 və 60 faizədək zənginləşdirilmiş uran ehtiyatına malik olmasına baxmayaraq, nüvə silahı əldə etməyə çalışmadığını bir daha bəyan edib. Telekanalın jurnalistinin İranın nüvə silahına sahib olmaq istəyib-istəmədiyi barədə sualına Pezeşkian “Xeyr, qətiyyən” cavabını verib.

Məsud Pezeşkian “Fox News”a müsahibəsi zamanı, həmçinin “Husilər öz əməllərinə görə məsuliyyət daşıyırlar” və “İrandan göstəriş almırlar” deyib.