Uitkoff və Kuşner danışıqlar aparmaq üçün Moskvaya gəliblər

Rusiya mediasının verdiyi məlumatına görə, ABŞ-nin Ukrayna münaqişəsi üzrə müzakirəçiləri Stiv Uitkoff və Cared Kuşner cümə axşamı Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəliblər.

AZƏRTAC “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, amerikalı müzakirəçiləri Vnukovo hava limanında Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.

Kuşner Moskva səfərindən əvvəl bildirib: “Müsbət məqamlardan biri də əsir mübadiləsi ilə bağlı razılığa gəlməyimizdir və rəqəmləri Moskvada dəqiqləşdirəcəyik”. O əlavə edib ki, Rusiyaya səfərin əsas məqsədi danışıqlar çərçivəsini genişləndirməkdir. Kuşner, həmçinin Vaşinqtonun davamlı çoxtərəfli sülh formatı yaratmaq üçün Avropanın iştirakını təmin etmək niyyətində olduğunu bəyan edib.

Onun sözlərinə görə, ABŞ müzakirəçiləri Moskva səfərindən sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə məlumat vermək və danışıqlar zamanı müzakirə olunan ideyaları daha ətraflı araşdırmaq üçün Dublinə gedəcəklər.