Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il 22 dekabr tarixli Sərəncamına əsasən, ölkəmizdə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bu Sərəncam ölkəmizin çoxəsrlik memarlıq ənənələrinin qorunması və inkişaf etdirilməsi məqsədi daşıyır. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində şəhərlərin tarixi simasını formalaşdıran memarlıq abidələrinin qorunmasına və onların mənasının yenidən dərk olunmasına xüsusi diqqət yetirilir.
Bu prosesdə tanınmış Azərbaycan neft sənayeçisi və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev mühüm rol oynayıb. O, XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakının şəhərsalma və inkişafına böyük təsir göstərib. Tağıyev yalnız varlı neft maqnatı kimi deyil, həm də bir sıra mühüm tikililərin — hazırda Milli Azərbaycan Tarixi Muzeyi kimi fəaliyyət göstərən sarayın, ilk dünyəvi qız məktəbinin, teatr binasının, realnı məktəbin və tekstil fabriklərinin tikintisini maliyyələşdirən xeyriyyəçi kimi tanınır. Bu tikililər şəhərin memarlıq simasının və sosial infrastrukturunun formalaşmasında mühüm rol oynayıb.

Bu fikirlər Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri Fəridə Şəmsinin AZƏRTAC-a təqdim etdiyi “H.Z. Tağıyev sarayı – memarlıqda yaşayan tarix” adlı məqaləsində yer alıb. Məqalədə bildirilir ki, Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi Tağıyev sarayı memarlıq, tarix və muzey narrativinin sintezinin uğurlu nümunəsidir. Bina yalnız XIX əsrin sonu – XX əsrin əvvəllərinin maddi irsini qorumaqla kifayətlənmir, eyni zamanda, Azərbaycan tarixinin şərhi üçün xüsusi bir mühit yaradır.

1895–1901-ci illərdə Bakının baş memarı İosif Qoslavskinin layihəsi əsasında inşa edilmiş H.Z.Tağıyevin sarayı şəhərin ən gözəl memarlıq nümunələrindən biridir. Xeyriyyəçi və sənayeçinin şəxsi iqamətgahı kimi tikilən bu saray öz dövrünün sosial-iqtisadi və mədəni proseslərini əks etdirir. Binanın memarlıq görkəmində Avropa üslubları ilə Şərq dekorativ ənənələri vəhdət təşkil edir ki, bu da əsrlər qovşağında Bakı üçün səciyyəvi olan mədəniyyətlərarası dialoqu simvolizə edir. Saraya aid interyerlər — təntənəli zallar, yaşayış otaqları və zəngin dekorativ elementlər — həmin dövrün Azərbaycan elitasının məişəti, estetik zövqü və dünyagörüşü haqqında dolğun təsəvvür yaradır. Bu xüsusiyyətlər binaya müstəqil tarixi mənbə statusu qazandırır. Bina dörd tərəfdən üçmərtəbəli şəkildə inşa edilmiş və otaqların hündürlüyü 13,20 metrə qədər çatmışdır. Aşağı mərtəbədə H.Z. Tağıyevin kontoru və digər xidmət otaqları, ikinci mərtəbədə isə yaşayış sahələri, iş otağı, Avropa və Şərq zalları, seyf otağı, yardımçı otaqlar və mətbəx yerləşirdi. 1914-cü ildən etibarən sarayda Tağıyevin rəhbərlik etdiyi Bakı Tacir Bankı da fəaliyyət göstərib. Sarayın tikintisində 270 mühəndis, memar və müxtəlif ixtisaslı ustalar iştirak edib. Daxili avadanlıq Rusiya, Fransa, Amerika və Almaniyadan gətirilmişdi. Binada dövrü üçün müasir sayılan istilik və soyutma sistemləri quraşdırılmışdı. Döşəmələr Rusiyadan gətirilmiş təbii ağcaqayın taxtalarından hazırlanmışdır. Yalnız tikinti işlərinə (mebel və avadanlıq xərcləri nəzərə alınmadan) 1,2 milyon rubl vəsait sərf edilmişdir.

Tağıyev sarayı tarix ərzində bir neçə dəfə yenidən qurulub. 2005-ci ildən etibarən burada əsaslı təmir və rekonstruksiya işləri aparılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Azərbaycan Tarixi Muzeyinin nəzdində H.Z.Tağıyevin memorial muzeyi yaradılıb. Müasir muzeydə sarayın memarlığı muzey narrativinin ayrılmaz tərkib hissəsinə çevrilib. Ekspozisiyalar otaqların tarixi məntiqi nəzərə alınmaqla qurulur ki, bu da ziyarətçiyə tarixi fraqmentar şəkildə deyil, məkan-zaman əlaqələri çərçivəsində qavramağa imkan verir. Zaldan-zala keçid dövrlərin, mövzuların və vizual vurğuların dəyişməsi ilə müşayiət olunur.

Muzeyşünaslıq baxımından bu cür interyerlər “səssiz şahidlər” kimi çıxış edir və məlumatı yalnız mətn və ya eksponatlar vasitəsilə deyil, həm də məkan, işıq, miqyas və dekorativ elementlər vasitəsilə ötürür. Tağıyev sarayı özlüyündə bir “eksponat” kimi çıxış edərək modernləşmə, maarifçilik, xeyriyyəçilik və ictimai fəaliyyət kimi mövzuları açır. Hacı Zeynalabdin Tağıyevin şəxsiyyəti Azərbaycan tarixinin ümumi narrativinə üzvi şəkildə daxil edilərək ayrı-ayrı tarixi şəxsiyyətlərin cəmiyyətin inkişafındakı rolunu vurğulayır. Beləliklə, muzey məkanı qeyri-maddi təsir vasitəsinə çevrilərək ziyarətçidə tarixi inkişafın varisliyi və mədəni dəyərlər haqqında davamlı təsəvvür formalaşdırır. Binanın maarifləndirici proqramlar, interaktiv dərslər və mədəni tədbirlər üçün istifadəsi onun funksiyalarını genişləndirir və ictimai əhəmiyyətini artırır. Hacı Zeynalabdin Tağıyevin sarayı muzey obyekti kimi memarlıq və tarixi narrativin uğurlu sintezini nümayiş etdirir. O, yalnız maddi mədəni irsi qorumaqla kifayətlənmir, həm də cəmiyyətin tarixi yaddaşının formalaşmasında fəal iştirak edir.