Maştağalı Ramiz Əliyev 30 il ərzində 3 minə yaxın saat toplayıb
İçəri ayaq basan kimi səni bir-birindən fərqli və ahəngdar səslər qarşılayır: taq-taraq-taq, çıq-çıq-çıq...
Söhbət hansısa musiqi məkanından yox, Bakının Maştağa qəsəbəsində el arasında “Saat muzeyi” adlandırılan, içərisi müxtəlif saatlarla zəngin geniş otaqdan gedir. Bura həqiqətən də ruhən dincəlmək üçün çox romantik və əlverişli məkandır. Otağa daxil olan hər kəs saat səslərinin sehrinə düşür. Hər saat bir xatirə, hər saat bir aləmdir.
Divar saatlarının səsinin əsəbləri sakitləşdirdiyini deyirlər. Hər saatın isə özünəməxsus səsi var.

Ata xatirəsinə ehtiram
Burada ən müxtəlif saatları görmək, onların səsini eşitmək olar. Kreml kurantılarının səsini xatırladan saat zəngi, məktəb, kilsə, vağzal saatlarının zəngi... Divar, qol, cib, qum saatları, stolüstü, zəngli və qədim saatlar... Eksponatlar arasında İsveç, Fransa, Almaniya, İran, Rusiya və digər ölkələrin də saatları nümayiş olunur.
Muzeyin yaradıcısı Ramiz Əliyevdir. O, ötən əsrin 70-ci illərinin axırında Bakıdakı texniki peşə məktəblərindən Rusiyada oxumağa göndərilən 20-dək gəncin arasında olub. Yekaterinburqda Mühəndis Pedaqoji İnstitutunu bitirib. Əmək fəaliyyətinə Bakının Dərnəgül qəsəbəsindəki 67 nömrəli liseydə peşə istehsalat təlimi ustası kimi başlayıb, müəllim, baş usta və tədris-istehsalat emalatxanasının müdiri olub və oradan da təqaüdə çıxıb.
Əslində Ramiz Əliyevdə lap əvvəldən energetikaya və elektronikaya böyük maraq olub. Böyük oğlu Ramin dünyaya gələndə körpənin beşiyinə quraşdırdığı xüsusi mexanizm uşaq ağlayanda hərəkətə gəlir və beşiyi yırğalayırdı. Hələ 40 il əvvəl o, televizoru məsafədən idarə etmək üçün idarəedici yığıb. Yaxud evdəki pərdələrin açılıb-bağlanılması, giriş qapıları üçün müxtəlif səsli zənglər düzəldib.
“Atam Əlimirzə uzun illər saatsaz işləyib. O, öz işinin əsl peşəkarı idi. Atamın vəfatından sonra onun xatirəsini yaşatmaq üçün saat kolleksiyası yığmağa başladım”,- deyə Ramiz yaratdığı muzeyin tarixçəsini xatırlayır.

30 il ərzində toplanılan kolleksiya
Kolleksioner məlumat verir: “Hər hansı saatın işləməsi üçün hansısa enerji mənbəyi olmalıdır. Saatların içərisində yay, istilik mənbəyi, elektrik və batareya ilə işləyənləri var. Ən müxtəlif ünvanlardan yığıb topladığım saatların içərisində hər cür üsulla işləyənə rast gəlmək olar”.
Kolleksiyada mexanizmlə, batareya, şamla işləyən, hətta qum saatları da var. O, özünün düzəltdiyi və yüklə işləyən bir saatı nümayiş etdirərək deyir: “Yüklər yuxarı qalxır və onun ağırlığı sayəsində saat mexanizmi işə düşür, təxminən bir həftə işləyəndən sonra yüklər aşağı düşür və onu yenidən yuxarı qaldırmaq lazım gəlir”.
Ramiz Əliyev təxminən 30 ilə yaxın müddətdə saat eksponatları toplamaqla məşğul olub. Onların içərisində eləsi var işlək halda olmayıb, eləsi var yararsız olub, eləsi var pay veriblər, eləsi də var pulla alıb. Saatların çoxuna öz əlləri ilə ikinci həyat verib. Beləliklə, Ramiz Əliyevin kolleksiyasında 3 minə yaxın saat toplanıb. Onlardan 1500-dən çoxu kişi və qadın qol saatı, 700-ə yaxını cib saatı, 200-ə yaxını divar saatı və digər saatlardır.
Kolleksiyadakı saatlar arasında çox kiçik, üzük boyda olan kiçik qadın qol saatı daha çox maraq doğurur. Digər saatda isə hər saatın tamamında "Gül bağçalar" adlanan musiqi nömrəsi səslənir.

Saat saata bənzəməz…
Kolleksiyada işlək mexanizmi taxtadan və tarixi XIX əsrə aid olan xeyli saat nümayiş olunur. Qədim və nadir saatlar arasında 100, hətta 150-200 yaşı olanlar da var. İplərin kəfgir rolu oynadığı saat da öz orijinallığı ilə diqqəti cəlb edir.
Eksponatlar arasında heç yerdə olmayan saatlarla da üzləşmək olar. Həmin saatları kolleksioner özü düzəldib. Məsələn, hər 15 dəqiqədən bir zəng çalan belə orijinal saatlardan biri zamanı bütün göstəriciləri ilə - ayın tarixini, həftənin hansı günü və hansı ay olduğunu da əks etdirir. Onun düzəldilməsi üçün iki saat mexanizmini birləşdirmək lazım gəlib.
Ramizin fantaziyasının məhsulu olan digər bir saatı da muzeyi ziyarət edənlər maraqla izləyirlər. Saatın ortasında əlində çubuqlar olan xanım təsviri var. Əslində xanımın əlindəki çubuqlar əqrəbləri əvəz edir, onlardan biri saatı, digəri isə dəqiqəni göstərir.
Kolleksiyadakı cib saatları da baxımlı və maraqlıdır. Xronometr, repitr, gün və ay göstəricisi olan həmin saatlar ziyarətçiləri biganə qoymur. Onların əksər hissəsinin içərisi gümüşdən ibarətdir. Fransada istehsal edilən, mərmərdən düzəldilən saat hər saatın tamamında qu quşu səsi çıxaran divar saatları da diqqətçəkəndir. Lampa-saat isə həm estetik, həm də orijinaldır: gecələr vaxtı göstərməklə yanaşı, həm də otağı işıqlandırır... Divar saatlarının bir neçəsi xüsusilə diqqəti özünə çəkir: hətta zınqırovlu, müəyyən fiqurların əks olunduğu, quş səsi çıxaranı da var.
Muzeydə Ulu Öndər Heydər Əliyevin, Mustafa Kamal Atatürkün, marşal Jukovun şəkilləri olan saatları da görmək mümkündür.

Yaşıl enerji ilə işləyən saat hazırlamaq arzusu
İxtisasca energetika mühəndisi olan Ramiz Əliyevin saat sevgisi, onlara orijinal və fantaziyalı yanaşması yaratdığı muzeyin ziyarətçilərini də heyran edir. O da maraqlıdır ki, sayı minlərlə ölçülən mexanizmlərin içərisində biri o birinin təkrarı olan bir saat da yoxdur. Hətta eyni markalı saatlar olsa da, hər birinin özünəməxsusluğu və fərqliliyi var.
“İndi hər yerdə “yaşıl enerji”, alternativ mənbələrdən geniş istifadə edilməsi aktual əhəmiyyət kəsb edir. Mən də bu il Günəş, külək və su enerjisi ilə işləyən saat mexanizmləri düzəltmək barədə düşünürəm. Daha bir arzum isə yaratdığım kolleksiyaya muzey statusu almaqdır. Bunu edə bilsəm, bu, ölkəmizdə ilk “Saat muzeyi” olacaq”, - deyə Ramiz Əliyev arzusunu ifadə edir.
Hərəsinin öz iş prinsipi və səsi olan saatlar dünyasından ayrılmaq çətindir. Hətta onu tərk edəndən sonra da könülə, ruha rahatlıq gətirən səslər qulağında səslənir: tıq-tıq-tıq, çıq-çıq-çıq...