AZƏRTAC müasir incəsənətə dair silsilə materialları davam etdirir. Bu dəfə həmsöhbətimiz Özbəkistandan sərgi kuratoru, yaddaş mədəniyyəti üzrə müstəqil tədqiqatçı Maqsud Əsgərovdur. O, Türk dünyası ölkələrində müasir incəsənətin özəlliklərindən danışıb.
“Bu günün incəsənəti sadəcə “gözəl” bir şey olmaqdan da artıqdır. Müasir incəsənət sual, ideya və kontekstdir. Bu baxımdan Türk dünyasının müasir incəsənətini iki müstəvidə hiss edirəm.
Birincisi, şübhəsiz ki, Türkiyənin müasir incəsənətidir. Burada daha çox siyasi, gender və mənəvi-fəlsəfi mövzular diqqət mərkəzindədir.
İkincisi isə “işğalçıların” buxovlarından azad olmuş türk ölkələrinin postmüstəmləkəçilik düşüncəsidir. Bu istiqamət üçün kimlik axtarışı, dünyaya köhnə baxışların dekolonial yanaşma ilə yenidən nəzərdən keçirilməsi, tarixi ədalətsizlik kontekstində restitusiya məsələləri, eləcə də gender problemləri, münaqişə nöqtələri və yaddaş mövzuları xarakterikdir”, – deyə həmsöhbətimiz bildirib.
Onun fikrincə, müasir incəsənət qlobal, mürəkkəb və çoxqatlı prosesin nəticəsidir, buna görə də onu bu gün milli incəsənət çərçivəsinə salmaq düzgün olmazdı.
“Müasir Özbəkistanda, Qırğızıstanda, Qazaxıstanda, eləcə də Azərbaycanda mürəkkəb, lakin birmənalı şəkildə müsbət proses gedir. Rəssamlar, kuratorlar və tədqiqatçılar sovet dövrünün şablon “milli incəsənət” formatına yenidən baxılması yoluna qədəm qoyurlar.
Həmçinin qeyd etmək lazımdır ki, çox vaxt ekzotik qəbul edilən dekorativ-tətbiqi sənətlə müasir incəsənət arasındakı sərhədlər silinir. Konseptual yenidən baxış “milli sənətkarların” əməyinə əvvəlki kənar münasibəti dəyişərək onu müasir bədii ifadəyə çevirir.
Keçmişə – eposlara, folklora, musiqiyə, memarlıq abidələrinə, təbiətə, əcdadlara və torpağa müraciət etmək, əvvəllər arxa planda qalan, obyektləşdirilən, ekzotikləşdirilən və unudulan yaddaş daşıyıcılarına subyektlik qazandırmaq türk ölkələrinin müasir incəsənət axtarışında mühüm istiqamətə çevrilir.
Belə ki, azərbaycanlı rəssam Çingiz Babayevin əsərlərində Azərbaycan xalçası “başqasının”, özününkülər arasında olan yadın problemi haqqında danışa bilər. Sırınmış özbək çapanları (Mərkəzi Asiya xalqları arasında yayılmış ənənəvi sırınmış xalat – red.) ikat parçadan (parça üzərində naxışların yaradılmasının unikal texnikası - red.) hazırlanaraq nüvə radiasiyası ilə bağlı xəbərdaredici simvollar daşıya və eyni zamanda yerli kimliyin qlobal rəmzlərindən bəhs edə bilər.
Travmalar, müharibə və sağ qalmaq cəhdləri arasında insanı yenidən düşünməyə və hiss etməyə vadar edən tamamilə başqa fikir, başqa incəsənət dili yaranır”, – deyə tədqiqatçı vurğulayıb.
M.Əsgərovun sözlərinə görə, müasir incəsənətin institusional meydanlara ehtiyacı var.
“Türk ölkələri arasında mühüm muzeylərdən biri Bakıda Müasir İncəsənət Muzeyi, digəri isə İstanbulda “Istanbul Modern”dir. Bundan başqa, özəl təşəbbüslə Bişkekdə “Tolon Museum” və Almatıda “Almaty Museum of Arts” kimi yeni institutlar yaranır. Onlar regionda müasir incəsənətin təşviqi üçün mühüm platformalara çevrilirlər.
Mədəni təşəbbüslər, birgə layihələr, həmçinin Özbəkistanın Mədəniyyətin İnkişafı Fondu tərəfindən təşkil olunan ilk Buxara Müasir İncəsənət Biennalesi regionumuzda müasir incəsənətin inkişafının parlaq nümunələridir.
İnstitusional dəstək, ümumi platformalar, təcrübə mübadiləsi və təhsil layihələri türk ölkələri rəssamlarının birliyinin formalaşması üçün əsas yaradır”, – deyə həmsöhbətimiz fikrini yekunlaşdırıb.