Danimarkada Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Danimarka Azərbaycan Vətən Cəmiyyətinin təşkilatçılığı ilə Kopenhagendə 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Cəmiyyətin sədri Mehriban Səfər Əliyeva və sədr müavini Amid Hüseynov çıxışlarında 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən, həmin dövrdə Danimarkada yaşayan azərbaycanlıların nümayiş etdirdikləri həmrəylikdən, eləcə də Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlərdən danışıblar.

Daha sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbir çərçivəsində iştirakçılar arasında “Kahoot” platforması vasitəsilə Azərbaycan tarixinə dair bilik yarışması təşkil olunub.

Tədbirin sonunda iştirakçılar üçün ziyafət təşkil edilib.