Çinin Hebey əyalətinin Şıciaguanq şəhərində “Xəzərdən Çinə: Sivilizasiyalararası qarşılıqlı öyrənmə” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə 10-dan çox ölkəni təmsil edən alimlər və gənc tədqiqatçılar iştirak ediblər. Konfrans çərçivəsində Xəzər hövzəsi ölkələri, Mərkəzi Asiya dövlətləri və Çin arasında dil, ədəbiyyat, tərcümə, tarix, mədəniyyətlərarası əlaqələr, sivilizasiyalararası dialoq, regional inteqrasiya, təhsil, incəsənət və iqtisadi əməkdaşlıq kimi istiqamətləri əhatə edən yüzə yaxın elmi məruzə dinlənilib.
Konfransda Azərbaycan nümayəndə heyəti də iştirak edib. Açılış mərasimində onlayn formatda çıxış edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı İpək Yolu boyunca Çin və Azərbaycan arasında formalaşmış tarixi əlaqələrə toxunub. O, minilliklərə söykənən dostluq münasibətlərinin ədəbi irsimizdə də öz əksini tapdığını vurğulayıb. Bununla yanaşı, son illər Azərbaycan və Çin arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, bu əməkdaşlıq hər iki ölkənin gəncləri üçün yeni təhsil və inkişaf imkanları yaradır.
Konfransın əsas məruzəçisi qismində çıxış edən Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev Çin fəlsəfi terminologiyasının Azərbaycan dilinə tərcüməsinin xüsusiyyətləri və metodlarına həsr olunmuş elmi məruzə ilə çıxış edib. Məruzədə, xüsusilə Konfutsiçilik fəlsəfəsinə aid terminlərin Azərbaycan dilinə tərcüməsi məsələləri təhlil olunub. Natiq iki qədim xalqın mədəniyyətləri arasındakı oxşarlıqlara diqqət çəkərək bu yaxınlıqların fəlsəfi anlayışların tərcüməsindəki əhəmiyyətini vurğulayıb.
Bölmə iclaslarında da Azərbaycan dili və ədəbiyyatına dair elmi məruzələr təqdim olunub. Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müəllimi Tanq Yüsüən XIX əsrin ortalarından XX əsrin əvvəllərinədək Azərbaycan tənqidi realizmində satirik ədəbiyyat mövzusunda çıxış edib. O, Azərbaycan satirik ədəbiyyatının milli oyanış prosesindəki rolunu təhlil edib.
Kafedranın digər müəllimi Vanq Sıyüən isə kulinariya terminlərinin dillər və mədəniyyətlər arasında izlərinə dair araşdırmanı təqdim edib. Məruzədə alınma sözlər və kulinariya leksikası vasitəsilə Çin və Azərbaycan xalqları arasında tarixən mövcud olmuş mədəni əlaqələrə diqqət yetirilib.
Qeyd edək ki, birinci “Xəzərdən Çinə” elmi konfransı 2024-cü ildə təşkil olunub. Beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinə xidmət edən bu tədbirin növbəti mərhələsinin Azərbaycanda keçirilməsi nəzərdə tutulur.