Ali təhsildə süni intellekt: UNEC beynəlxalq konfransa ev sahibliyi edəcək

Dekabrın 2-3-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Təhsildə süni intellekt: Gələcəyin formalaşdırılması - UNEC dialoqundan regional təsirə doğru" mövzusunda beynəlxalq konfransa ev sahibliyi edəcək.

Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib.

Qeyd olunub ki, süni intellekt artıq gələcəyin texnologiyası deyil, bu gün ali təhsili, universitetlərin idarəetmə fəlsəfəsini, müəllim və tələbə münasibətlərini, eləcə də əmək bazarının tələblərini yenidən formalaşdıran reallıqdır.

UNEC süni intellektin yalnız ali təhsildə tətbiqi məsələlərini müzakirə edən universitet olmaqla kifayətlənmir, bu sahədə regional gündəmin formalaşdırılmasını, yeni yanaşmaların və təşəbbüslərin təşviqini, eləcə də süni intellekt üzrə regional mərkəzə çevrilməyi hədəfləyir.