Don David: Vyetnamda Azərbaycan mətbəxinə maraq böyükdür

Biz ardıcıl olaraq bir neçə ildir Vyetnamda keçirilən kulinariya festivallarında və digər mədəni tədbirlərə fəal iştirak edərək Azərbaycan mətbəxini, xüsusilə kabablarımızı tanıtmağa çalışırq. Nəticədə ildən-ilə Azərbaycan mətbəxinə marağın çoxalmasının şahidi olmuşuq.

 

Bu sözləri AZƏRTAC-a açıqlamasında beynəlxalq kulinariya sahəsində tanınmış aşpaz, Dünya Barbekü Assosiasiyasının (WBQA) Şərqi Avropa-Asiya üzrə prezidenti, Dünya Aşpazlar Assosiasiyasının (WACS) rəsmi hakimi, həmyerlimiz Sahib-David İsrafilovun (Don David) deyib.

O, Hanoy şəhərində keçirilən 14-cü “Beynəlxalq Kulinariya Mədəniyyəti Festivalı” adlı xeyriyyə yarmarkasında da Azərbaycan mətbəxinə böyük maraq olduğunu söyləyib.

Bütün bunların bir neçə il ərzində Azərbaycan səfirliyinin dəstəyi ilə görülən işlərin bəhrəsi olduğunu bildirən Don David əlavə edib ki, bir neçə ildən sonra Vyetnamda Azərbaycan mətbəxinin mövqeyi daha da yaxşı olacaq.