Rəssam Nigar Ağabəylinin “İki dünya arasında" adlı fərdi sərgisi olduqca gözəl və rəngarəng kolleksiyadır. Nigar xanımın əsərləri ilə tanış olarkən hər birinin özünəməxsusluğu və yaratdığı fərqli ovqat məni heyran etdi. Kolleksiyada incə detallar, rənglərin harmoniyası və seçilən rəng palitrası xüsusi diqqət çəkir.
Bunu AZƏRTAC-a açıqlamasında “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov deyib.
O bildirib ki, hər bir əsərdə rəssamın fərdi yanaşması, yaradıcı təxəyyülü və sənətə olan həssas münasibəti hiss olunur: "Nigar Ağabəyli çox perspektivli rəssamdır. "İki dünya arasında" sərgisi isə rəssamın daxili dünyasını, düşüncələrini və sənət baxışını əks etdirən uğurlu layihədir”.