Müasir İncəsənət Muzeyində açılan "İki dünya arasında” adlı fərdi sərgim həyatımın müəyyən dövrlərində yaşadığım təcrübələri, keçirdiyim hissləri və daxili dünyamdakı dəyişiklikləri əks etdirir. Həyatımda həm müsbət, həm də mənfi məqamlar olub. Lakin əsərlərimdə mənfiliyə yer yoxdur. Yalnız pozitiv enerji və gözəllik var. Hətta əsərlərimdə ağlayan obrazlar belə tamaşaçıya gözəl enerji ötürür.
Bunu AZƏRTAC-a açıqlamasında "İki dünya arasında” adlı sərginin müəllifi, rəssam Nigar Ağabəyli deyib.
"Yaradıcılıq mənim üçün həm özümü ifadə etmək, həm də insanlardan müsbət enerji almaq vasitəsidir. Məni ruhlandıran səmimi emosiyalar, ürəkdən deyilən gözəl sözlərdir. Zaman keçdikcə anladım ki, insan öz seçdiyi yolla irəliləməli, daxili prinsiplərinə sadiq qalmalıdır. Əsərlərim arasında elə rəsmlər var ki, burada insanı mənfi qüvvələrin öz tərəfinə çəkmək cəhdləri təsvir olunur. Bu qüvvələr müxtəlif hiylələrlə insanı öz təsiri altına salmağa çalışsa da, o, özünü qorumağı bacarır. İnsanın daxilində həmin mənfilik yoxdursa, heç bir təsir onu dəyişə bilməz”, - deyə rəssam vurğulayıb.