Osman Özgan: Azərbaycanda xalçaçılıq ənənələri yaxşı qorunur

Lətif Kərimovun xatirəsinə həsr olunmuş simpozium çərçivəsində noyabrın 24-də Qaziantepin Şehitkamil rayonunda yerləşən Dülük Antik şəhərində aşkar edilmiş mozaikaların xalça mədəniyyətinə təsiri barədə təqdimat edəcəyik.

Bunu AZƏRTAC-a açıqlamasında Şehitkamil Bələdiyyəsinin mədəni irsin qorunması üzrə müdiri Osman Özgan deyib.

Onun sözlərinə görə, Anadoluda Mərkəzi Asiyadan gələn ənənələrlə yanaşı, həmin coğrafiyanın həyat tərzi də sənət əsərlərində, o cümlədən xalçalarda ilmə-ilmə əks olunur.

“Tokatın Niksar rayonunda, İspartada və Demirci xalçalarında türk mədəniyyətinin həyatımıza dair izləri bu gün də qorunub saxlanılır”, - deyə o əlavə edib.

Müsahibimiz Milli Xalça Muzeyini yüksək qiymətləndirərək bildirib ki, burada nümayiş olunan xalçalar türk xalça mədəniyyətinin zənginliyini və ortaq ənənələri əks etdirir.

“Bu muzey türk xalça mədəniyyətinin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verəcək. Burada “əlibelində” kimi türk motivlərinin də istifadə olunduğunu gördüm. Əslində, eyni mədəniyyətdən gəlirik, həyat izlərimiz də oxşardır. Azərbaycanda xalçaçılıq ənənəsinin daha yaxşı qorunduğunu müşahidə etdim. İnanıram ki, bu muzey xalça mədəniyyətinin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayacaq”, - deyə Osman Özgan vurğulayıb.