Londonda Xocalı soyqırımı qurbanlarına həsr olunmuş müsabiqəyə təqdim edilən rəsm əsərləri “Müharibə uşağı” adlı sərgidə nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, Britaniyanın nüfuzlu “ITV” kanalının saytı sərgini işıqlandırıb, təşkilatçılardan biri olan Nərminə Məmmədovanın sərgi ilə bağlı fikirlərinə və Xocalı soyqırımı ilə bağlı məlumata yer verib.
Materialda qeyd olunub ki, Azərbaycan diasporu Böyük Britaniyada Xocalı faciəsinin ildönümünü qeyd etmək məqsədilə Birləşmiş Krallıqda və dünya üzrə uşaqlar arasında genişmiqyaslı bir müsabiqə elan edib.
“Xocalı soyqırımı 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə baş verib və 613 nəfər dinc sakin, o cümlədən 106 qadın və 63 uşaq qətlə yetirilib. Müsabiqənin təşkilatçılarından biri olan Nərminə Məmmədova müasir dünyanın münaqişələrlə dolu olduğunu vurğulayaraq, dünyanın müxtəlif ölkələrindən olan uşaqları bu müsabiqəyə qatılmağa çağırır”, - deyə saytdakı məqalədə bildirilib.
Nərminə Məmmədova müsabiqə ilə bağlı öz hisslərini “ITV” ilə bölüşüb: “Mən hiss edirəm ki, Xocalının qarla örtülü təpələri arasında sükutda qalan uşaqların səsləri eşidilmədi. Bu müsabiqə vasitəsilə dünyaya xatırlatmaq istəyirəm ki, biz Xocalının uşaqları kimi qeyri-insani əzablar yaşamış uşaqların səsi olmalıyıq. Hərçənd ki, mən itirilmiş o uşaqlara birbaşa kömək edə bilmərəm, onların hekayələrini danışa bilərəm. Onların hekayələrinin eşidilməsi bizim məsuliyyətimizdir”, - deyə o qeyd edib.
Yazıda bildirilib ki, Nərminə Məmmədova bu təşəbbüslə gənclərə müharibənin acı reallıqlarını dərk etməyi və sülhün vacibliyini önə çəkməyi təşviq edir. Hesab edir ki, uşaqların incəsənət və yazı vasitəsilə müharibə bölgələrindəki həmyaşıdlarının yaşadıqları reallıqları daha yaxşı anlamaq və dünyadakı vəziyyətlə bağlı öz hisslərini ifadə etmək imkanları artır.
Nərminə Məmmədova müsabiqənin ideyasının müharibədən təsirlənən bir ölkədə böyüməsi ilə bağlı öz təcrübələrindən irəli gəldiyini bildirib: “Mən Xocalıya yaxın olan Ağdamda evini itirərək qaçqın vəziyyətinə düşən gənc bir qızla dostlaşdım. Mətbuat bu şəhəri müharibə zamanı aldığı dağıntılara görə “Qafqazın Hirosiması” adlandırmışdı. O qız Bakıda qonşumuz olan bibisi ilə yaşamaq məcburiyyətində qaldı”.
Həmin qızın heç vaxt gülmədiyini və qızın gözlərindəki təsvirolunmaz dərin acı hissini xatırladığını söyləyən Nərminə Məmmədova deyib: “Qonşumuzun ikiotaqlı mənzilində yeddi nəfər yaşayırdı, çünki o qızın başqa sığınağı yox idi. O qız məndən bir yaş kiçik idi və onun vəziyyəti çətin olsa da, minlərlə digər insan daha da pis durumda idi; illərlə çadırlarda yaşamağa məhkum olanlar var idi. O çadırların görüntüsü və orada yaşayanların üzlərindəki acı və ümidsizlik, məktəbə gedərkən və ya alış-veriş edərkən gündəlik reallığım idi. Bu xatirələr bu gün də mənimlədir”.
O, bu kimi yaşadığı təcrübələrin sülh içində yaşayan uşaqlarla müharibədən təsirlənənlər arasında bir körpü qura biləcək bir platforma yaratmaq ilhamı verdiyini qeyd edib. “Bu müsabiqə Xocalıda amansızcasına qətlə yetirilmiş uşaqların xatirəsinə və səssiz qalan bütün uşaqlara həsr olunub. Onların hekayələrinin eşidilməsini təmin etmək bizim məsuliyyətimizdir”,- deyə Nərminə Məmmədova açıqlamasında deyib.