ABŞ-nin aparıcı universitetlərində təhsil alan azərbaycanlı gənclər bir araya gəliblər

Diasporla İş üzrə Dövlət Komitəsinin ABŞ-də səfərdə olan əməkdaşları Bostonda bir qrup azərbaycanlı tələbə və gənclərlə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüş Harvard Universitetində yeni fəaliyyətə başlayan Azərbaycanlı Tələbə Cəmiyyətinin təşkilatçılığı ilə keçirilib.

Massaçusets Texnologiya İnstitutunun, Boston, Şimal-Qərb və Saffolk universitetlərinin tələbələrinin iştirak etdiyi görüşdə xaricdə yaşayan soydaşlarımızla qurulan əlaqələr barədə məlumat verilib. Diaspor Gənclərinin Yay Düşərgələrinin, forumlarının, “Diaspor Gəncləri 1+1” proqramının əhəmiyyəti diqqətə çatdırılıb.

Tələbələr təhsil aldıqları universitetlərin ictimai və akademik fəaliyyətləri, diaspor mühitində qazandıqları təcrübələr və yeni təşəbbüslər barədə danışıblar. Ayrı-ayrı təhsil ocaqlarında təhsil alan tələbələr bütün azərbaycanlı gəncləri birgə fəaliyyətə dəvət ediblər.

Gənclər, həmçinin diaspor fəaliyyətinin daha səmərəli təşkili və əlaqələrin gücləndirilməsi yolları barədə müzakirə aparıblar.