“Xalq təbabətinin unudulmuş reseptləri”: Bitkilər görmə zəifliyinə kömək edirmi?

Görmə zəifliyinin aradan qaldırılmasında bitkilərdən istifadə təcrübəsi araşdırılır. Görmə keyfiyyətinin aşağı düşməsi müxtəlif amillərlə əlaqəli ola bilər. İşıqlandırma şəraiti, eynəklərin düzgün seçilməməsi, irsi xüsusiyyətlər, qidalanma və yaşla bağlı dəyişikliklər görməyə təsir göstərən amillər sırasındadır.

AZƏRTAC xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun direktor vəzifəsini icra edən professor Səyyarə İbadullayevanın “Xalq təbabətinin unudulmuş reseptləri” kitabında məlumat verilir.

Bildirilir ki, xalq təbabətində istifadə olunan bitkilərin xüsusiyyətlərinin öyrənilməsi, onların kimyəvi tərkibinin araşdırılması və bioloji fəallığının elmi əsaslarla qiymətləndirilməsi fitoterapiyanın inkişafı baxımından əhəmiyyətlidir. Bununla yanaşı, bitkilərin təbii mənşəli olması onların hər zaman təhlükəsiz olduğu demək deyil. Xüsusilə gözün həssas toxumalarını qorumaq üçün hər hansı bitki mənşəli vasitədən istifadə etməzdən əvvəl mütəxəssis rəyi alınmalı, görmə ilə bağlı problemlərin vaxtında aşkarlanmasına və düzgün müalicəsinə üstünlük verilməlidir. Xalq təbabətində görmə zəifliyi ilə əlaqədar müxtəlif bitkilərdən və onların qarışıqlarından istifadə təcrübəsi mövcuddur. Bu məqsədlə dikduran çatılotu, güləvər, kalendula, iyli sədo, bataqlıq gəcavəri, zəncirotu və qaragilə kimi bitkilərin adları çəkilir.

Bitkilərin müxtəlif hissələrindən - ot, yarpaq və çiçəklərdən istifadə etməklə qarışıqlar hazırlanması xalq təbabətində yayılmış ənənələrdəndir. Bu bitkilərin tərkibindəki bioloji fəal maddələr elmi baxımdan maraq doğursa da, onların görmə zəifliyini aradan qaldırdığı qənaətinə gəlmək üçün klinik sübutlar tələb olunur. Görmə zəifliyinin səbəbinin müəyyənləşdirilməsi və uyğun müalicənin seçilməsi üçün oftalmoloji müayinə vacibdir.