“Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş mənşə sertifikatlarına əsasən, cari ilin 8 ayı ərzində muxtar respublikada istehsal edilmiş məhsullar dünyanın müxtəlif ölkələrinə ixrac olunub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Gürcüstana 2774,3, Rusiyaya 993,5, Yəmənə 902,5, Qırğızıstana 823,7, Türkiyəyə 309,4 və digər ölkələrə isə 1484,1 min ABŞ dolları olmaqla, ümumilikdə 7287,5 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Həmçinin mərkəz tərəfindən mart-sentyabr aylarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 244 mənşə sertifikatı verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,8 faiz çoxdur.
2024-cü ilin ötən dövründə muxtar respublikada verilmiş mənşə sertifikatlarından daxilolmalar 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə artaraq 29,8 min manat təşkil edib.