Dünyada 43 faiz işçi qüvvəsi qadın fermerlərdən ibarətdir. Qadınların üçdə ikisi kənd təsərrüfatında çalışır. Təcrübə göstərir ki, iqlim dəyişikliyi, daşqınlar, quraqlıq, dəniz səviyyəsinin qalxması suyla bağlı ekosistemə mühüm təsir edir.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyətlərini müvəqqəti icra edən Nasar Hayat Bakıda “Su və gender bərabərliyi” mövzusunda keçirilən konfransda deyib.
N.Hayat qeyd edib ki, iqlim dəyişmələri mövcud qeyri-bərabərliyə təsir göstərir: "Təəssüf ki, qadınlar su ilə bağlı təsirə daha çox məruz qalırlar. Bu, onların suya çıxışına daha böyük təsir göstərir. Azərbaycanda evlərə, ailələrə suyu daşımaq qadınların üzərinə düşür. Bu, vaxt aparan prosesdir. Qadınlar çiyinlərində su daşıyırlar, eyni zamanda ailəsinin, uşaqlarının qayğısına qalırlar. Çünki qadınlar su resurslarına daha çox ehtiyac görürlər. Ancaq su resurslarının idarə edilməsində az təmsil olunurlar. Qadınların bərabər şəkidə su resurslarına çıxışını təmin etmək üçün onlar qərarverici prosesdə də iştirak etməlidir.
Azərbaycanda su azlığı çox böyük təhlükədir. Ölkənin su ehtiyatının az hissəsi daxildə formalaşır, bu da onun su resurslarının az olduğunu göstərir. Qadınların su ehtiyatlarının qorunmasında təmsilçilik rolunu artırmalıyıq. Bunun üçün dayanıqlı su idarəçiliyi metodlarını nəzərdən keçirməliyik",- deyə N.Hayat qeyd edib.