Kembric Universitetinin Mərkəzi Asiya Forumunun direktoru, COP29 Elm Şurasının üzvü professor Montu Saksena Bakı şəhərinin COP29-a ev sahibliyi etmək üçün doğru seçim olduğunu bildirib.
Universitetdə COP29-un elmi-praktik aspektlərinə həsr olunmuş panel müzakirəsindən sonra AZƏRTAC-a açıqlama verən Saksena Azərbaycanla 30 ildən artıq müddət ərzində müxtəlif sahələrdə əməkdaşlıq etdiklərini vurğulayıb: “Biz sizin qonaqpərvərliyinizə çox yaxından bələdik. Azərbaycan yüksək infrastruktura malik olduğu üçün böyük tədbirlərə ev sahibliyi etməkdə təcrübəyə malikdir. Sizin “Formula 1” yarışı və “Avroviziya” kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməyiniz bunun bariz nümunəsidir”.
Montu Saksena Bakının COP kimi böyük bir tədbirə ev sahibliyi etməsi üçün bütün imkanlara malik olduğunu söyləyib: “Əminik ki, Bakı kimi bir şəhər bu istiqamətdə dəyişikliklərə rəhbərlik edəcək. Bu seçimin çox doğru olduğuna inanırıq. Kembricdə keçirilən panel müzakirəsində diqqətçəkən məqamlardan biri də Azərbaycanın yerləşdiyi çətin qonşuluq mühitidir. Qlobal böhranların baş verdiyi bir dövrdə Azərbaycan cəsarətli bir addım ataraq dünya problemlərini həll etmək üçün liderləri bir araya gətirməyi seçib. Bu problemlər tək bir ölkənin və ya qrupun həll edə biləcəyi məsələlərdən daha çox genişdir. Kembricdə biz bu cəsarətli addımı qeyd edir və ən yaxşı mütəxəssislərin bu işə maraq göstərməsini təşviq etməyə çalışırıq”, – deyə Montu Saksena əlavə edib.