Orta Dəhliz və “Şimal–Cənub” marşrutu Azərbaycanın tranzit rolunu daha da gücləndirir - ŞƏRH

Son illərdə Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində genişmiqyaslı infrastruktur layihələri həyata keçirərək regionun etibarlı logistika mərkəzinə çevrilib.

Bu barədə AZƏRTAC-a açıqlamasında ADA Universitetinin prorektoru, Milli Məclisinin deputatı Fariz İsmayılzadə bildirib. Fariz İsmayılzadə qeyd edib ki, ölkənin coğrafi mövqeyi və həyata keçirilən strateji layihələr Azərbaycanı Böyük Avrasiya məkanında mühüm nəqliyyat tərəfdaşına çevirib, yükdaşımaların həcmi isə hər il artmaqda davam edir.

Deputat qeyd edib ki, regionun şimalında davam edən münaqişələr səbəbindən Avropa ölkələri Asiya istiqamətinə ticarət axınını daha çox Azərbaycan üzərindən həyata keçirir. Bunun nəticəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) son illərdə xüsusi əhəmiyyət qazanıb.

Fariz İsmayılzadə bildirib ki, Azərbaycanın Şimal–Cənub nəqliyyat dəhlizinin inkişafı üçün də böyük potensialı mövcuddur. O xatırladıb ki, hazırda Rusiya–Azərbaycan dəmir yolu xətti uğurla fəaliyyət göstərir və bu marşurtun İran dəmir yolları ilə birləşdirilməsi Avropanın şimalından Hind okeanına qədər geniş logistika xəttinin formalaşmasına imkan verəcək.

“Şimal–Cənub dəhlizinin digər alternativ istiqaməti Zəngəzur dəhlizi ola bilər. Sovet dövründə Qarabağ üzərindən dəmir yolları Naxçıvan üzərindən - Culfadan İrana birləşirdi. Bu marşrutu gələcəkdə yenidən bərpa edib inkişaf etdirmək mümkündür. Beləliklə, həm Astara–Rəşt xətti, həm də Zəngəzur dəhlizi vasitəsilə Şimal–Cənub nəqliyyat dəhlizinin genişləndirilməsi Azərbaycanın tranzit imkanlarını daha da artıracaq”, – deyə Fariz İsmayılzadə vurğulayıb.