Yaşıl nəqliyyat təşəbbüslərinin Azərbaycanda potensialı nə qədərdir?

Ekoloji baxımdan ictimai nəqliyyatın səmərəliliyinin artırılması hazırda ölkənin nəqliyyat strategiyasında önəmli istiqamətlərdən biridir. Elektriklə işləyən, “ekologiyanın dostu” olan avtobusların istismarı bu sahədə əsas hədəflərdən sayılsa da, onların tətbiqi hələlik aşağı faizlə ifadə olunur.

Bu barədə AZƏRTAC-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

Ekspert bildirib ki, bunun əsas səbəblərindən biri bu nəqliyyat vasitələrinin qiymətinin yüksək olmasıdır.

“Lakin müvafiq mexanizmlər düzgün işlənib hazırlanarsa və maliyyə yükü optimallaşdırılarsa, ekoloji nəqliyyatın payını artırmaq tamamilə mümkündür. Bakı şəhərinin küləkli iqlimi və coğrafi mövqeyi də nəzərə alınmalıdır. Paytaxtda güclü hava axınları buxtanın çirklənməsi risklərini müəyyən qədər azaldır. Ekoloji nəqliyyat vasitələrinin ilk olaraq Xəzər dənizindən kənarda yerləşən şəhər və qəsəbələrdə tətbiqi daha səmərəli hesab edilə bilər. Məsələn, Gəncə və Naxçıvanda elektrik avtobuslarının istismara verilməsi belə yanaşmanın uğurlu nümunələridir. Gələcəkdə bu tip praqmatik həllərin genişləndirilməsi, həm ətraf mühitin qorunmasına, həm də daha səmərəli ictimai nəqliyyat şəbəkəsinin qurulmasına ciddi töhfə verə bilər. Əsas olan ekoloji nəqliyyat strategiyasının ardıcıl, iqtisadi cəhətdən əsaslandırılmış və uzunmüddətli perspektivə uyğun şəkildə həyata keçirilməsidir”, - deyə ekspert qeyd edib.