Tamar İoseliani: Məqsədimiz Orta Dəhlizin vahid və inteqrasiya olunmuş sistem kimi fəaliyyətini təmin etməkdir

Əsas məqsədimiz Orta Dəhlizin vahid və inteqrasiya olunmuş sistem kimi fəaliyyətini təmin etməkdir.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani Çində keçirilən Qlobal Davamlı Nəqliyyat Forumu çərçivəsində Nazirlər Forumundakı çıxışında deyib.

Nazir müavini nəqliyyat dəhlizindəki mövcud məhdudiyyətlərin aradan qaldırılmasının, buraxılış qabiliyyətinin artırılmasının və Orta Dəhlizin vahid, inteqrasiya olunmuş nəqliyyat sistemi prinsipi əsasında fəaliyyət göstərməsinin əsas prioritet olduğunu bildirib.

T.İoseliani vurğulayıb ki, Gürcüstan infrastrukturun inkişafı ilə yanaşı, rəqəmsal transformasiyaya, nəqliyyat sisteminin səmərəliliyinə və sərhəd prosedurlarının sadələşdirilməsinə xüsusi diqqət yetirir. Bu çərçivədə ölkədə Vahid Dəniz Pəncərəsi sistemi tətbiq olunur, nəqliyyat sənədləri rəqəmsallaşdırılır və sərhədlərarası məlumat mübadiləsinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

O, həmçinin əlavə edib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində nazirlik və işçi səviyyəsində koordinasiya mexanizmlərinin yaradılması iştirakçı ölkələr arasında tərəfdaşlığı daha effektiv müstəviyə qaldıracaq.