Teymur Musayev: Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib

Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib, qəbul olunmuş tarixi Bakı Maliyyə Hədəfi isə qlobal iqlim fəaliyyəti üçün mühüm təməl yaradıb. Ölkəmizin bu istiqamətdəki fəaliyyəti COP29-dan sonra da davam edib. Belə ki, Braziliya ilə birgə 2035-ci ilədək iqlim maliyyələşdirilməsinin illik 1,3 trilyon ABŞ dollarına çatdırılması yollarını müəyyən edən “Bakıdan Belemə 1,3 trilyonluq Yol Xəritəsi” hazırlanıb. Eyni zamanda, COP Sədrlikləri Üçlüyü çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə “1,5C Missiyasına doğru Yol Xəritəsi”, Avstraliya, Braziliya və Türkiyə ilə birlikdə isə “Belem 1,5C Missiyası” həyata keçirilib. Bundan əlavə, Bakıda təşkil olunan 13-cü Ümumdünya Şəhərsalma Forumu və 140-dan çox ölkədən nümayəndələrin qatıldığı BMT-nin İqlim Həftəsi Azərbaycanın çoxtərəfli əməkdaşlığa və qlobal iqlim gündəliyinə sadiqliyini bir daha nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyədə keçirilən COP31 sessiyasında çıxışı zamanı Azərbaycan Respublikası Baş nazirinin müavini Teymur Musayev səsləndirib.

Baş nazirin müavini qardaş ölkənin dialoq, konsensus və qərarların icrasına yönəlmiş sədrliyini yüksək qiymətləndirib. Teymur Musayev Azərbaycanın ölkə daxilində atdığı konkret addımlara da diqqət çəkib. Qeyd olunub ki, üçüncü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr çərçivəsində istixana qazı emissiyalarının 40 faiz azaldılması hədəfinin icra müddəti 15 il irəli çəkilərək 2035-ci ilə müəyyən edilib. Bu yaxınlarda təqdim olunan Uzunmüddətli Aşağı Emissiyalı İnkişaf Strategiyası isə 2060-cı ilədək xalis sıfır emissiya səviyyəsinə çatmağı hədəfləyir. Hazırda ölkəmiz Paris Sazişinin şəffaflıq prinsiplərinə uyğun olaraq ikinci Şəffaflıq Hesabatını müəyyən edilmiş vaxtdan əvvəl təqdim etməyə hazırlaşır.

Enerji keçidinin Azərbaycanın iqlim siyasətinin əsas istiqaməti olduğunu deyən Teymur Musayev ölkədə bərpa olunan enerji üzrə quraşdırılan istehsal gücünün 2,17 giqavata – ümumi elektrik enerjisi gücünün 21,5 faizinə çatdığını bildirib. İmzalanmış sazişlərə əsasən, 2030-cu ilədək əlavə olaraq 6 giqavat günəş və külək enerjisi gücünün yaradılması nəzərdə tutulur ki, bu da qlobal bərpa olunan enerji hədəflərinin üstələnməsi istiqamətində mühüm irəliləyişdir. Paralel olaraq metan emissiyalarının azaldılması, sənayedə enerji səmərəliliyi, ekoloji təmiz nəqliyyat və tullantıların dayanıqlı idarə olunması üzrə tədbirlər davam etdirilir.

Son dövrlərdə baş verən iqlim fəlakətlərinin insanların həyatına birbaşa təsir göstərdiyini xatırladan Baş nazirin müavini inkişaf etməkdə olan ölkələrin maliyyə resurslarına və texnologiyalara çıxışının vacibliyinə toxunub. Vurğulayıb ki, mövcud öhdəliklər yerinə yetirilmədən daha iddialı hədəflərə çağırışların edilməsi çoxtərəfli iqlim prosesinə olan etimadı zəiflədə bilər. Buna görə də əsas prioritet Bakı Maliyyə Hədəfi başda olmaqla qəbul edilmiş qərarların tam həcmdə icrası olmalıdır.

Çıxışının sonunda Teymur Musayev Türkiyənin COP31 Sədrliyinin öhdəliklərdən real nəticələrə keçid üçün mühüm imkan yaratdığını bildirib, Azərbaycanın Bakı və Belem proseslərinin irsinə əsaslanaraq qardaş Türkiyə və bütün tərəflərlə sıx əməkdaşlığa hazır olduğunu bəyan edib.