Gələn il dövlət büdcəsində hansı dəyişikliklər olacaq?

2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 39,3 milyard manat, xərcləri isə 42,4 milyard manat təşkil edəcək.

Bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, gələn il dövlət büdcəsi xərclərinin 92,6 faizi və ya 39,3 milyard manatı büdcə gəlirləri, 7,4 faizi və ya 3,1 milyard manatı isə büdcə kəsirinin maliyyələşdirilməsi üçün cəlb ediləcək vəsaitlər hesabına təmin olunacaq.

“Dövlət büdcəsinin gəlirləri cari illə müqayisədə 645 milyon manat və ya 1,7 faiz çox olacaq. Gəlirlərin 23,8 milyard manatı və ya 60,6 faizi qeyri-neft sektoru üzrə daxilolmalar hesabına reallaşacaq. Bu, cari illə müqayisədə 1,6 milyard manat və ya 7,2 faiz çoxdur”, – deyə H.Məmişov bildirib.

Nazir müavini qeyd edib ki, qeyri-neft sektoru üzrə daxilolmaların büdcə gəlirlərində xüsusi çəkisi cari illə müqayisədə 3,2 faiz bəndi artaraq 60,6 faizə çatacaq.

 

O bildirib ki, 2027-ci ildə neft-qaz sektorundan məcmu gəlirlərin 15,5 milyard manat olacağı proqnozlaşdırılır. Bunun 11,9 milyard manatı (7 milyard dollar) Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşəcək. Bu, 2026-cı illə müqayisədə 935 milyon manat (550 milyon dollar) azdır.

H.Məmişovun sözlərinə görə, gələn il icmal büdcəsinin gəlirləri 47,6 milyard manat, xərcləri 50,4 milyard manat, kəsiri isə 2,8 milyard manat nəzərdə tutulub.

“2027-ci il üçün dövlət və icmal büdcələrinin layihələri Prezident İlham Əliyevin müəyyən etdiyi əsas prioritetlərin, o cümlədən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ölkəmizin müdafiəsi və milli təhlükəsizliyi, Böyük Qayıdışın uğurla həyata keçirilməsi, dövlətimizin hərtərəfli inkişafı və digər əsas hədəflər üçün maliyyə təminatını tam formalaşdırır”, – deyə nazir müavini əlavə edib.